Bakı. Trend:
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus “Zülfi Hacıyev” kran gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda tərsanəyə qaldırılıb.
QSC-dən Trend-ə verilən məlumata görə, hazırda gəminin suüstü hissəsinin rənglənməsi, sükan və avar qurğularının yığılması, sağ ballerin yonulması işləri görülür. Gəmi üzrə gövdə-qaynaq işləri isə başa çatmaq üzrədir.
Kran gəmisinin braşpil və arxa şpili, elektrik və avtomatika sahələri də təmir olunacaq. Həmçinin beş ədəd yeni qapı hazırlanacaq.
Təmirçilərin məlumatına görə, gəminin sinxron generatorları sökülüb. Hazırda qüsurların aydınlaşdırılması işləri yerinə yetirilir. Baş generatorların texniki vəziyyətinə baxış keçirilib və qənaətbəxş hesab edilib.
Gəminin tərsanədən salınması 10 iyuna, tam təmirdən çıxması isə iyunun 25-nə nəzərdə tutulur.
Xatırladaq ki, “Zülfi Hacıyev” kran gəmisinin uzunluğu 98,98, eni 17,43 metrdir. Sürəti 11.35 uzelə bərabərdir. Kranın yükqaldırma qabiliyyəti 100 tondur.