...

İlk elektron hərrac keçirildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2017 10:55 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 4 iyul 2017-ci il tarixində keçirilmiş hərracda ilk dəfə olaraq vətəndaşlar onlayn qaydada iştirak ediblər.
İlk elektron hərrac keçirildi

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 4 iyul 2017-ci il tarixində keçirilmiş hərracda ilk dəfə olaraq vətəndaşlar onlayn qaydada iştirak ediblər.

Qeyd edək ki, komitə tərəfindən istifadəyə verilən “Elektron hərrac” xidməti hal hazırda nəqliyyat vasitələrinin və avadanlıqların elektron hərrac vasitəsilə özəlləşdirilməsi prosedurunu özündə birləşdirir.

Gələcəkdə isə bu prosesin əhatə dairəsi genişləndirilərək kiçik dövlət müəssisə və obyektləri, səhmdar cəmiyyətlərinin də elektron hərrac vasitəsilə özəlləşdirilməsini mümkün edəcək. Bu istiqamətdə artıq müvafiq proqramlaşdırma işləri də həyata keçirilir. Tətbiq olunan bütün bu innovativ tədbirlər Azərbaycan Respublikası Prezidentinin «Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında» 19 iyul 2016-cı il tarixli Fərmanın icrası istiqamətində həyata keçirilir.

Komitədən Trend-ə verilən məlumata görə, 4 iyul tarixində keçirilmiş hərraca çıxarılan 2007-ci il buraxılış QAZ 3102 markalı avtomobil nəqliyyat vasitəsinin özəlləşdirilməsi üçün əvvəlcədən onlayn olaraq bir neçə istifadəçi qeydiyyatdan keçib. “Elektron hərrac” xidməti vasitəsilə qeydiyyatdan keçən istifadəçilər hərrac keçirilən vaxt olduqları məkandan heç bir yerə ayrılmadan, sadəcə e-emdk.gov.az saytında müvafiq bölməyə daxil olmaqla hərracda iştirak ediblər. Hərracda start qiyməti 2000 manat olaraq təklif edilən QAZ 3102 nəqliyyat vasitəsi rəqabətli keçən elektron hərrac nəticəsində 4120 manata özəlləşdirilib. Nəqliyyat vasitəsinin rəqabətli hərracında ən yüksək qiymət təklif etmiş iştirakçı qalib elan edilib. Elektron Hərracda satılmış nəqliyyat vasitəsi müvafiq qurumlar tərəfindən qalib alıcının adına rəsmiləşdirilib.

Bəs yeni istifadəçilər elektron hərracda necə iştirak edə bilər sualının cavabı isə çox sadədir. Belə ki, istənilən vətəndaş, iş adamı elektron imzadan istifadə edərək Əmlak Məsələləri Dövlət komitəsinin rəsmi saytından (e-emdk.gov) və ya Elektron Hökumət Portalından (e-gov.az ) qeydiyyatdan keçmək üçün istifadə edə bilər. Qeydiyyatdan keçmiş hər bir sifarişçi hərrac günü onlayn qaydada aktiv hərraca qatılmaq imkanı qazanır. Hərraclarda iştirak etmək üçün sifariş vermək də elektron qaydada həyata keçirilir.

Qeydiyyatdan keçmiş sifarişçinin hərracda iştirakla bağlı seçim imkanı olur. Beləki, onlar həm hərrac günü göstərilən vaxt prosesin keçirildiyi yerə gələ bilər, həm də hərrac keçirildiyi zaman Komitənin portalında müvafiq bölməyə daxil olaraq hərracda onlayn iştirak edə bilər.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən fəaliyyət istiqamətləri üzrə tətbiq edilən innovasiyaların başlıca məqsədi vətəndaşlara və biznes subyektlərinə göstərilən ictimai xidmətlərdə şəffaflığın daha da artırılması, optimallığın və əlçatanlığın maksimum təmin edilməsi, vətəndaşların daha cəld və minimum vaxt itkisi olmaqla xidmətlərdən istifadələrini və bununla da əhalinin məmnunluğunun təmin edilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti