...

Orxan Məmmədov: Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətini təmin etmək üçün bir sıra yeni mexanizmlər yaradılacaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2018 16:43 (UTC +04:00)
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətini təmin etmək üçün bir sıra yeni mexanizmlər yaradılacaq.
Orxan Məmmədov: Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətini təmin etmək üçün bir sıra yeni mexanizmlər yaradılacaq (FOTO)

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətini təmin etmək üçün bir sıra yeni mexanizmlər yaradılacaq.

Trend-in məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov “Caspian Europen Club”ın təşkilatçılığı ilə keçirilən “CEO Lunch”da çıxışı zamanı deyib.

O.Məmmədov qeyd edib: “Bildiyiniz kimi, kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun artırılması, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması məqsədilə ötən ilin dekabr ayında Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” yaradılıb. Agentliyin yaradılmasını dövlət başçısı tərəfindən sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının daha bir göstəricisi kimi qiymətləndirik.

Bir neçə gün öncə isə Agentliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı növbəti fərman imzalandı. Bu sənədlə Agentliyin fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsasları formalaşdırmaqla yanaşı, kiçik və orta biznes (KOB) sektorunun inkişafı ilə bağlı köklü dəyişikliklərə səbəb olacaq mühüm tapşırıqlar verildi. Bu tapşırıqların keyfiyyətli yerinə yetirilməsi üçün Agentlik sahibkarlarla həm fərdi, həm də onları təmsil edən birliklər, assosiasiyalar, qeyri-hökumət və beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edəcək".

Agentliyin qarşısına qoyulmuş əsas vəzifələr və fəaliyyət istiqamətlərinə toxunan sədr bildirib ki, birinci istiqamət motivasiya tədbirləri ilə bağlı olacaq. Belə ki, Agentlik kiçik və orta biznes subyektlərinin fəaliyyətini stimullaşdıran mexanizmlər vasitəsilə bunu həyata keçirəcək. Bu isə öz növbəsində həm mövcud olan biznes subyektlərinin inkişafına, həm də yeni biznes subyektlərin yaranmasına, eləcə də yeni ideyaların biznesə inteqrasiya olunmasına təkan verəcək:

"İkinci istiqamət sahibkarların maraqlarının müdafiəsinə yönələcək. Bu, Agentliyə səlahiyyətli qurum olaraq dövlət orqanlarında sahibkarların maraqlarını təmsil etmək, sahibkarların rastlaşdıqları problemlərin həllində onlara kömək göstərmək kimi tədbirləri əhatə edəcək. Üçüncü istiqamət KOB-un dəstəklənməsi ilə bağlı olacaq. Təhlillər göstərir ki, biznesin səmərəli təşkili və davamlı inkişafı bir tərəfdən sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyi ilə müəyyən edilirsə, digər tərəfdən sahibkarların yaradılmış biznes mühitdə öz fəaliyyətini düzgün təşkili ilə şərtlənir. Bu çərçivədə sahibkarların bilik və bacarıqlarının inkişafına yönəlik bir sıra dəstək xarakterli tədbirlər həyata keçiriləcək. Eyni zamanda Agentlik tərəfindən yeni dəstək modulları hazırlanaraq KOB Evləri vasitəsilə reallaşdırılacaq. Digər bir istiqamət KOB-un xarici bazarlara çıxış imkanlarını genişləndirməyə yönələcək. Beşinci fəaliyyət istiqamətimiz isə KOB-un maliyyə mənbələrinə şəffaf mexanizmlər vasitəsilə çıxışına dəstək verməkdən ibarət olacaq".

O.Məmmədov deyib ki, Agentliyin fəaliyyətini təmin etmək üçün bir sıra yeni mexanizmlər yaradılacaq: "Beynəlxalq təcrübə göstərir ki, kiçik və orta sahibkarlara göstərilən xidmətlərin “bir məkan” prinsipi üzrə təşkili müsbət nəticələr verməklə yanaşı, eyni zamanda həmin xidmətlərin keyfiyyətinin təmin olunmasında mühüm rol oynayır. Məhz bu amilləri nəzərə alaraq, Agentliyin nəzdində ölkənin rayon və şəhərlərində Kiçik və Orta Biznes evlərinin yaradılması planlaşdırılır. Bu evlərin yaradılmasında əsas məqsəd sahibkar məmnunluğunu təmin etməklə yanaşı, göstərilən xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun həyata keçirilməsinə nail olmaqdır.

Digər bir yenilik, sahibkarlığın inkişafı siyasətinin əlaqələndirilməsi, KOB evlərində sahibkarlıq subyektlərinə xidmətlərin təşkili və operativliyin təmin olunması məqsədilə bu xidmətləri göstərən dövlət orqanları və təşkilatların səlahiyyətli nümayəndələrindən ibarət Koordinasiya Qrupunun yaradılması ilə bağlı olacaq".

Onun sözlərinə görə, bir başqa mühüm yenilik “G2B” (dövlət–biznes) xidmətlərin elektron reyestrinin yaradılmasından ibarət olacaq. Bu reyestrlə sahibkarlara yönəlik dövlət xidmətlərinin ümumi sayı, prosedur və tələblər müəyyən ediləcək, xidmətlər haqqında məlumatlar vahid mənbədə toplanacaq, şəffaflığın təmin edilməsi üçün sahibkarların bu xidmətlər haqqında ətraflı məlumat əldə etmə imkanları olacaq, eləcə də eyni məzmunlu xidmətlərin aşkar edilərək təkrarlılığın aradan qaldırılması ilə bağlı tədbirlər həyata keçiriləcək. Reyestr yaradılanadək 35 qurumun 100-dən artıq xidmətinin KOB evləri vasitəsilə göstərilməsi nəzərdə tutulur:

"Bundan başqa, aidiyyəti dövlət orqanlarının iştirakı ilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin yaradılması istiqamətində də iş aparılır. Reyestrdə KOB-a dair geniş məlumatlar toplanacaq. Bu isə öz növbəsində, sahibkarlara yönəlik dəstək tədbirlərinin ünvanlılığının artırılması, tənzimləmənin effektivliyinin yüksəldilməsi baxımından vacib addım olacaq".

Agentliyin sədri bildirib ki, dövlət satınalmalarında KOB-un iştirak payının artırılması və iştirak mexanizminin təkmilləşdirilməsi, KOB-un inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi, KOB klasterlərinin yaradılması və fəaliyyətinin stimullaşdırılması, KOB ilə bağlı normativ hüquqi aktlar hazırlanarkən Agentliklə razılaşdırılması kimi tədbirlərin də həyata keçirilməsi qarşımızda vəzifə olaraq qoyulub:

"Agentliyimizin missiyası çoxsaylı dəstək tədbirləri və onlara sahibkarların maneəsiz və rahat çıxışının təmin edilməsi yolu ilə KOB sektorunun davamlı inkişafına nail olmaqdan və onun ölkə iqtisadiyyatındakı rolunun artırılmasından ibarətdir. Hədəfimiz qurumu sahibkarın dostu kimi önəmli missiyanın daşıyıcısına çevirməkdir. Agentlik müxtəlif profildə fəaliyyət göstərən sahibkarları cəlb etməklə məşvərət şuraları yaradacaq. Bir sözlə, işimizi sahibkarların qurumun fəaliyyətindən olan gözləntilərinin doğrultma səviyyəsi ilə müəyyən edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti