...

Azərbaycan İstanbulda keçirilən beynəlxalq toplantıda iştirak edir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2018 19:50 (UTC +04:00)
Beynəlxalq toplantıda Azərbaycan Gömrük Xidmətinin ticarətin asanlaşdırılması sahəsində gördüyü işlər barədə geniş məlumat verilib
Azərbaycan İstanbulda keçirilən beynəlxalq toplantıda iştirak edir (FOTO)

Bakı. Trend:

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) 34-cü sessiyası çərçivəsində nazirlər toplantısı keçirilir.

Dövlət Gömrük Komitəsindən (DKG) Trend-ə verilən məlumata görə, “Ticarətin asanlaşdırılması: gömrüklərdə risklərin idarə olunması” mövzusunda keçirilən sessiyada Azərbaycanı DGK sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Nazirlər toplantısında S.Mehdiyev çıxış edib.

Məruzədə qeyd edilib ki, müasir qloballaşan dünyada uğurlu nailiyyətlər əldə olunması və iqtisadiyyatın inkişaf etdirilməsi mühüm amillərdəndir. Hazırkı dövrdə güclü iqtisadiyyata malik olmaq üçün gömrük infrastrukturunun inkişaf etdirilməsi də zəruridir.

Ticarətin asanlaşdırılması ölkələrin rifahına, iqtisadiyyatın inkişafına, ixrac potensialının artmasına və beynəlxalq rəqabət qabiliyyətinin güclənməsinə gətirib çıxarır ki, bu da öz növbəsində ölkədə güclü və etibarlı gömrük-biznes əməkdaşlığının olması üçün mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın tarixən müxtəlif mədəniyyət və sivilizasiyaların kəsişdiyi ərazidə yerləşməsi ölkənin Şimal və Cənub, Qərb və Şərq arasında körpü rolunu oynamasına əlverişli şərait yaradıb. Tarixi Böyük İpək Yolunun Azərbaycan ərazisindən keçməsi dünya ticarətilə intensiv şəkildə əlaqə yaradılmasında müstəsna rol oynayıb və ölkə ərazisində müasir tələblərə cavab verən gömrük işinin formalaşması istiqamətində mühüm addımlar atılıb.

S.Mehdiyev bildirib ki, gömrük orqanlarının potensialının gücləndirilməsi, qlobal ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi və iqtisadi nailiyyətlərin əldə edilməsi gömrük işi sahəsində islahatların aparılmasını ehtiva edir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin bu gün uğurla davam etdirdiyi daxili və xarici siyasət nəticəsində ölkədə bütün sahələrdə olduğu kimi, gömrük işi sahəsində də dinamik inkişaf təmin edilir, gömrük sistemi təkmilləşdirilir və beynəlxalq standartlara cavab verən bir sıra müasir layihələr və yeni islahatlar həyata keçirilir.

“Bu gün ölkəmizin iqtisadi nailiyyətlərinin əldə olunmasında Azərbaycan Gömrük Xidmətinin də xüsusi yeri var”, - deyə S.Mehdiyev vurğulayıb ki, daxili bazarın qorunması, yerli istehsalın və ixracın stimullaşdırılmasında əhəmiyyətli rol oynayan Azərbaycan gömrük orqanları dövlət başçısının yüksək diqqət və qayğısı sayəsində, xüsusən bu sahənin inkişafına dair müvafiq dövlət proqramı çərçivəsində reallaşdırılan genişmiqyaslı tədbirlər nəticəsində ilbəil təkmilləşməkdə və müasirləşməkdədir.

Məruzədə diqqətə çatdırılıb ki, Azərbaycan Gömrük Xidmətinin ümumi fəaliyyət strategiyası regionda qanuni ticarətin inkişafına əlverişli şəraitin yaradılması, beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi və xarici iqtisadi fəaliyyətin stimullaşdırılması yolu ilə ölkədə ticarət-investisiya mühitinin daha cəlbedici olmasına yönəlib.

Son dövrdə Azərbaycan gömrük sistemində islahatların aparılması, gömrük-biznes əməkdaşlığının inkişafı, idxal-ixrac əməliyyatlarının qısa vaxt ərzində və sürətli şəkildə həyata keçirilməsi, şəffaflığın təmin olunması istiqamətində bir sıra işlər görülüb.

Gömrük prosedurları - “sərhəddən-buraxılışa qədər”, yəni sərhəddən keçən mallar və nəqliyyat vasitələrinin qeydiyyatı, onlar üzərində gömrük nəzarəti və təyinatı üzrə gömrük orqanına çatdırılması, mallar və nəqliyyat vasitələrinin bəyan edilməsi, bəyan etmədən sonra ödənişlər və sonda malın sahibinə buraxılması - bütün proses tam avtomatlaşdırılıb. Bütün bunlar DGK-nin təşəbbüsü və imkanları nəticəsində yaradılan “Gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemi - VAİS” vasitəsilə həyata keçirilir və bu sistem əsasında sahibkarlara elektron gömrük xidmətləri göstərilir. Hazırda isə, Avropa İttifaqı ilə əməkdaşlığın davamı olaraq, Azərbaycan Respublikasının Ümumi Tranzit Konvensiyasına qoşulması istiqamətində davamlı işlər aparılır. Bununla bağlı, Dövlət Gömrük Komitəsinin sərəncamı ilə işçi qrup yaradılıb və Komitənin əməkdaşları üçün vaxtaşırı seminarlar keçirilir.

S.Mehdiyev çıxışında onu da bildirib ki, gömrük orqanlarının fəaliyyətində informasiya texnologiyalarının tətbiqi gömrük işini daha çevik edir, o cümlədən gömrük prosedurlarının sürətləndirilməsi xarici iqtisadi fəaliyyət iştirakçılarının məmnunluğunu artırır. Dövlət Gömrük Komitəsi məmur-vətəndaş təmasını minimuma endirib və korrupsiya ilə mübarizəyə qarşı mexanizmlər hazırlayıb. Hazırda 14 elektron gömrük xidməti “elektron hökumət” portalında sahibkarların istifadəsinə verilib.

“Maksimum dərəcədə çalışırıq ki, sahibkarlar gömrük orqanlarına birbaşa elektron xidmətlərdən istifadə etməklə müraciət etsinlər”, - deyə S.Mehdiyev onu da əlavə edib ki, hər bir xidmətin elektron formaya keçirilməsi ilə bağlı konkret mexanizm hazırlanır. Gömrük rəsmiləşdirilməsində şəffaflığın təmin edilməsi, bəyanetmə prosesinin asanlaşdırılması və gömrük əməkdaşı ilə vətəndaşların təmasının minimuma endirilməsi məqsədilə malların və nəqliyyat vasitələrininin kağızsız texnologiya əsasında internet üzərindən bəyan edilməsinə imkan verən Elektron Gömrük Bəyannaməsi sistemi sahibkarların istifadəsinə verilib.

Hazırda isə DGK və açıq hökumət cəmiyyətləri arasında sıx və əlaqəli işlər başlayıb. Bütün məlumatların, o cümlədən xarici ticarətin gömrük statistikasının Açıq Hökumət Məlumatları Portalına inteqrasiya edilməsi üzərində işlər davam edir.

Daha sonra məruzədə vurğulanıb ki, Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkənin fiskal siyasətini uğurla həyata keçirir, onun quru, hava və dəniz yollarında iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur. DGK, eyni zamanda, hüquq mühafizə orqanı olaraq qaçaqmalçılıq və digər hüquqpozma hallarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər görür.

Qaçaqmalçılığa qarşı mübarizə sahəsində köklü dəyişikliklər aparılması nəticəsində yüksək göstəricilər əldə olunub. Gömrük xidmətində əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi məqsədilə hədəflərin idarə olunması sistemi və mobil qruplar yaradılıb, bu işə bacarıqlı və bilikli kadrlar cəlb olunub və onlar müasir texnika və avadanlıqla təchiz edilib. Bütün bunların nəticəsində, 2018-ci il ərzində gömrük orqanları tərəfindən 1 ton 178 kiloqram narkotik vasitə, psixotrop maddə və onların prekursorları aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu il noyabrın 19-23 tarixlərində Bakı şəhərində keçirilən BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt-komissiyasının 53-cü sessiyasında da aidiyyəti mövzular üzrə təqdimatlar dinlənilib, ümumi maraq kəsb edən məsələlər müzakirə olunub və fikir mübadiləsi aparılıb.

Məruzənin sonunda S.Mehdiyev onu da qeyd edib ki, ticarətin asanlaşdırılması istiqamətində Azərbaycan Gömrük Xidmətinin mühüm addımlarından biri də sərhəddən keçirilən mallar və nəqliyyat vasitələrinə dair xarici ölkələrin gömrük orqanları ilə ilkin məlumat mübadiləsinin aparılmasıdır. Hazırda Azərbaycan tərəfi Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, Rusiya və GUAM üzv dövlətləri ilə ilkin məlumat mübadiləsinin aparılması üzrə hüquqi baza yaradıb və qarşılıqlı məlumat mübadiləsini həyata keçirir.

Xatırladaq ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) 34-cü sessiyası noyabrın 29-da yekunlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti