...

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi 2007-ci il üçün makroiqtisadi göstərici proqnozlarının ilkin variantını hazırlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Mart 2006 17:33 (UTC +04:00)

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi 2007-ci il üçün makroiqtisadi göstərici proqnozlarının ilkin variantını hazırlayıb. Trend nazirliyin məlumatına istinadən bildirir ki, ÜDM-nin artım dinamikası sonrakı illərdə də davam etdiriləcək. Bu da ölkədə aparılan iqtisadi islahatların nəticələrindən xəbər verir. Əgər 2005-ci ilin yekunlarına əsasən, ÜDM artımı 26,4% təşkil edirdisə, bu il həmin rəqəm 30% səviyyəsində proqnozlaşdırılır. 2006-cı ildə ÜDM istehsalının ümumi həcmi 16,3 mlrd. manat, 2007-ci ildə isə 21,4 mlrd. manat olaraq proqnozlaşdırılır.

ÜDM-nin artım tempi qeyri-dövlət sektorunun inkişafı ilə bağlıdır. Proqnoza əsasən, ÜDM-də özəl sektorun xüsusi çəkisi 2006-cı ildə 77%, 2007-ci ildə isə 79% təşkil edəcək. Sənayedə real artım bu il 50%, 2007-ci ildə 43,5%, kənd təsərrüfatında isə 9,5% (gələn il 14%) planlaşdırılır.

Məlumatda deyilir ki, tədbirlər investisiya mühitinin yaxşılaşdırılması istiqamətində də davam etdiriləcək. 2006-cı ildə sərmayə qoyuluşlarının həcmi 5,9 mlrd. manat olaraq proqnozlaşdırılır. Bununla belə, son illərdə xarici investisiya payının azalacağı planlaşdırılır. 2006-cı ildə xarici investisiyalar 3,5 mlrd. manat, 2007-ci ildə isə 5,5 mlrd. manat ümumi kapital qoyuluşu həcmi ilə 2,6 mlrd. manat olaraq gözlənilir. Bu, artıq gerçəkləşdirilən neft-qaz layihələrində investisiya qoyuluşlarının azalması ilə bağlıdır. Bunlarla yanaşı, daxili mənbələr hesabına investisiyaların artırılması müşahidə olunur.

Keçirilən tədbirlər orta aylıq pensiya və əmək haqlarının, əhalinin pul gəlirlərinin artırılmasından xəbər verir. İqtisadiyyatın ayrı-ayrı sahələrində bu il zəhmətkeşlərin orta aylıq əmək haqqı 32,3% artırılaraq 156,1 manat, gələn il isə 195,1 manat təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti