"UniBank" və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Ticarətin Maliyyələşdirilməsi Proqramı (TFP) çərçivəsində AYİB tərəfindən "UniBank"-a təqdim olunmuş maliyyə ehtiyatlarından istifadə imkanının genişləndirilməsi haqqında saziş imzalayıb. Bu barədə Trend bankın press-relizinə istinadən xəbər verir.
TFR çərçivəsində ayrılmış, ümumi 1,5 mln. ABŞ dolları həcmində kredit vəsaiti "UniBank"-a 2002-ci ildə təqdim edilib. Ilkin müqaviləyə əsasən, onlardan istifadə olunması ancaq akkreditivlərin və zəmanətlərin təsdiq edilməsi istiqamətinə yönələ bilərdi. Yeni saziş "UniBank"-ın bu revolver xəttin vəsaitindən ixrac-idxal əməliyyatlarının maliyyələşdirilməsi üçün də istifadə etməsinə yol verir.
"UniBank"ın AYİB-lə müvəffəqiyyətli əməkdaşlığının kifayət qədər uzun tarixi var. Yuxarıda sadalananları da nəzərə almaqla, "UniBank" artıq AYİB-dən beş kredit xəttinin alıcısıdır. Belə ki, 2002-ci ildə Banka XOS üçün 1,5 mln. ABŞ dolları həcmində kredit xətti ayrılıb, bu xəttin həcmi 2003-cü ildə ikiqat artırılıb və 3 mln. ABŞ dollarına çatdırılıb.
AYİB "UniBank"-a yerli maliyyə sistemi üçün unikal olan 5 mln. ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit təqdim etmiş tərəflərdən biri idi, burada AYİB-in payı 1,5 mln. ABŞ dolları təşkil edirdi. Yerdə qalan vəsait bir sıra Avropa bankları tərəfindən təqdim edilib.
Ötən ilin dekabrında "UniBank" və Avropa Yenidənqurma və İnkişaf Bankı həmçinin iki kredit sazişi imzalayıb. Bunlardan birincisi mikromaliyyələşdirmə üçün 2 mln. ABŞ dolları həcmində xəttin, ikincisi isə birgə maliyyələşdirmə layihəsinin həyata keçirilməsi üçün 5 mln. ABŞ dolları həcmində xəttin ayrılması üçün nəzərdə tutulub.
Bundan əlavə, cari ilin may ayında AYİB tərəfindən təqdim olunan, ümumi 2 mln. ABŞ dolları həcmində kredit xəttinin alınması məsələlərini tənzimləyən yeni kredit sazişi imzalanıb. Bu kredit xəttinin vəsaiti xırda və orta sahibkarlıq layihələrinin maliyyələşdirilməsinə yönəlib.