II Açıq kommunal infrastruktur proqramı çərçivəsində konsaltinq xidmətlərinin göstərilməsi üzrə tender elan edilib. Trend in Azərsu SC-yə istinadən xəbər verdiyi kimi, Almaniya və İsveçrə hökumətlərinni dəstəyi ilə gerçəkləşdiriləcək layihə Şəki və Gəncədə su təchizatı və kanalizasiya sularını təmizləyən qurğuların yenidənqurulmasına yönəldilib. Konsaltinq xidmətləri üçün vəsait İsveçrə tərəfindən qrant şəklində ayrılacaq.
Tenderdə iştirak etmək üçün İsveçrə şirkətləri ölkənin rəsmi kommersiya reyestrində qeydiyyata alınmalıdır. Hüquqi şəxslərin birliyinin və beynəlxalq şirkətlərlə sub-podrat müqavilələrinin bağlanması mümkündür, lakin hər bir halda tapşırığın ən azı 50 %-i İsveçrənin məsləhətçi firması tərəfindən həyata keçirilməlidir və layihənin icraçi direktoru İsveçrənin aparıcı məsləhət firmasından olmalıdır.
Ərizələr sentyabrın 22-dək Azərsu SC-də qəbul olunacaq.
Almaniyanın KFW bankı və İsveçrənin iqtisadi əlaqələr üzrə dövlət katibliyi (SECO) ilə Gəncə və Şəkinin su şəbəkələrinin yenidənqurulması layihəsinin maliyyələşdirilməsi haqqında müqavilə paketi və xüsusi sazişlər avqustun 29-da imzalanacaq.
Layihənin (3,5-4 il) birinci fazasının dəyəri 54,6 mln. avro dəyərində qiymətləndirilib. 37 mln avro (yeni kreditdən 25,85 mln avro və İmişlidə həyata keçirilmiş analoji işlərdən qalan vəsait) KfW, 10 mln avro qrant şəklində SECO, 7,6 mln avro isə Azərbaycan hökuməti tərəfindən ayrılacaq.