...

Azərbaycan, Rusiya və Qazaxıstan Xəzər bioresurslarının auditi üzrə üçtərəfli saziş imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2006 18:43 (UTC +04:00)

Azərbaycan, Rusiya hesablama palataları və Qazaxıstanın Respublika Büdcəsinə Nəzarət üzrə Hesablama Komitəsi arasında Xəzər dənizinin bioloji resurslarından və nərə balığının mühafizəsi və səmərəli istifadəsi üçün ayrılmış vəsaitdən səmərəli istifadənin auditi üzrə üçtərəfli saziş imzalanıb. Bu barədə Trend ə Azərbaycan Hesablama Palatasından (AHP) məlumat verilib.

Sənədin imzalanma mərasimi MDB ölkələrinin ali maliyyə nəzarəti orqanlarının rəhbərlərinin Şurasında iştirak etmək üçün AHP sədri Namiq Nəsrullayevin başçılığı altında nümayəndə heyətinin Minskə səfəri zamanı baş tutub.

AHP-dən həmçinin bildirilib ki, İran və Türkmənistan tərəfi, zərurət olarsa, həmin sahəyə dair müvafiq sənədləri təqdim etməyə hazır olduqlarını bildiriblər.

Rusiya və Qazaxıstan öz təkliflərini artıq bir neçə ay bundan qabaq təqdim ediblər. Sənədlərdə bu istiqamətdə normativ hüquqi bazanın mövcudluğu, nərə balıqlarının yetişdirilməsinə yönəldilmiş tədbirlərin səmərəliliyi və s. bu kimi məsələlər əksini tapıb.

Bir qədər əvvəl AHP tərəfindən adıçəkilən məsələ üzrə analitik arayış hazırlanmışdı, lakin sonradan məsələyə daha yaxından yanaşmaq zərurəti meydana çıxıb.

Azərbaycan tərəfi Əli Bayramlı və Neftçaladakı balıq yetişdirmə müəssisələrində audit aparmaq, nərə balığının yetişdirilməsinin səmərəliliyini müəyyən etmək niyyətindədir.

Birgə yoxlamalar 2006-cı ilin sonuna kimi başa çatmalıdır.

Xəbər lenti

Xəbər lenti