...

Azərbaycan Tarif Şurası və Qazaxıstanın Təbii inhisarların tənzimlənməsi Agentliyi əməkdaşlıq haqqında razılığa gəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2006 16:01 (UTC +04:00)

Azərbaycan nümayəndə heyəti Mərkəzi Asiya bölgəsi ölkələrinin iqtisadi əməkdaşlığının təşkili üzrə Asiya inkişaf bankı proqramının üzv-dövlətlərinin elektrik-energetika strukturlarını tənzimləyən Forumun II illik toplantısında iştirak edib. Trend Azərbaycanın Tarif şurasının məlumatına istinadən xəbər verir ki, tədbir 2006-cı il sentyabrın 11-dən 15-dək Alma-Atada AİB və Qazaxıstanın təbii inhisarçılarının tənzimlənməsi Agentliyinin təşkilati dəstəyi ilə keçirilib.

Toplantıda Çin, Əfqanıstan, Qırğızıstan, Tacikistan, Özbəkistanın tənzimləyici qurumlarının nümayəndələri, ABŞ, Avstriya, Macarıstan, Kanada, İtaliya, İspaniya, eləcə də Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya inkişaf bankı, Avrasiyanın İqtisadi birliyi, İslam inkişaf bankı və USAID ekspertləri iştirak edib.

Azərbaycan tərəfdən toplantıda Tarif şurasının katibi Elşən Əsədov və katibliyin sektor rəisi C.Ağakişibəyli iştirak edib.

İclasda elektrik-energetika tariflərinin yaranması və onların strukturları üzrə məsələlər, əhalinin yoxsul təbəqəsinin sosial müdafiə metodları, bu sahədə əlavə xidmətlərin göstərilməsi və qiymətin yaranması, tənzimləmə prosesində özəl firmaların və tənzimləyici orqanların problemləri müzakirə olunub.

E.Əsədov tədbirdə təcrübə mübadiləsi və beynəlxalq əməkdaşlığın zəruri olduğunu qeyd edərək, qonaqlara Azərbaycanın tarif siyasəti, ölkədəki islahatlar haqqında məlumat verib.

Tədbir iştirakçıları Alma-Atadakı Kapçaqay SES-də olub, yeni avadanlıq və müasir texnologiyalarla tanış olub.

AİB-nin Mərkəzi və Şərqi Asiya üzrə Departamentin infrastruktur şöbəsinin nümayəndələri ilə görüş çərçivəsində əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub, Qazaxıstanın Təbii inhisarların tənzimlənməsi Agentliyi ilə razılıq əldə olunub. Tədbirin nəticələrinə görə 2007-ci il üçün iş planı razılaşdırılıb və Ulan-Bator şəhərində (Monqolustan) növbəti toplantının keçirilməsi haqqında qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti