...

Azərbaycan və Fransa iqtisadi əməkdaşlığın gələcək prioritetlərini göstəriblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2007 19:07 (UTC +04:00)

Azərbaycan və Fransa arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə hüquqi bazanın möhkəmləndirilməsi üçün gələcəkdə bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Trend Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin məlumatına istinadən xəbər verir ki, bu barədə razılıq əldə olunub və yanvarın 9-da Parisdə keçirilmiş iqtisadi əməkdaşlıq üzrə Azərbaycan -Fransa hökümətlərarası komissiyanın dördüncü iclasının yekunu üzrə protokolda öz əksini tapıb.

Fransa həmçinin Azərbaycan investisiya şirkəti ilə əməkdaşlıq etmək istədiyini bildirib. Fransa şirkətləri neft-qaz sektorundakı layihələrdə iştiraka, su-elektrik stansiyalarının yenidən qurulmasına, mehmanxanaların tikintisinə, dəmir yollarının yenidən qurulması və müasirləşdirilməsinə maraq göstərirlər.

Protokola əsasən, vertolyot və təyyarələr üçün uçuş və mühəndis-texniki heyətin hazırlanması, tikinti və anqar üçün qurğuların quraşdırılması, ehityat hissələri və avadanlığın alınması haqqında razılıq əldə olunub.

Fransa höküməti Qərb bölgəsinin aeroportları üçün aeronaviqasiya avadanlıqlarının alınması proqramının həyata keçirilməsi üçün güzəştli kreditlər təklif edib. Azərbaycanda prioritet sahələr üçün güzəştli kreditlər Reserve Pays Emergents (RPE) vasitəsilə təqdim oluna bilər.

Regional innovasiya zonalarının (texnoparkların) yaradılmasında Azərbaycan hökümət Fransanın təcrübəsində istifadə etmək imkanlarını araşdırmaq niyyətindədir. Həmçinin Fransa turizm şirkətlərinin 2007-ci ilin aprel ayında Bakıda keçiriləcək AITF - 2007 VI Beynəlxalq turizm sərgisində iştirakı məqsədəuyğun hesab olunur.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin başçısı, iqtisadi inkişaf naziri Heydər Babayev BNP Paribas, Oberthur, Groupe Iinci. Alkatel, Corus, Systra, Bougues, Aliston, SNCF-International, Lafarge, Iossloh və başqa tanınmış şirkətlərin rəhbərlikləri ilə görüşlər keçirib və Fransa şirkətlərini Azərbaycan tərəfdaşları ilə fəal əməkdaşlıq etməyə dəvət edib. Görüşdə Fransa şirkətləri öz fəaliyyətləri haqqında məlumat verib və Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Lafarge ilə artıq ötən ilin sonunda AR-də 1,5 mln. ton istehsalat gücünə malik sement zavodunun tikintisi haqqında niyyət protokolu imzalanıb. Zavodun tikintisi üçün 150-200 mln. ABŞ dolları həcmində sərmayə qoyuluşu nəzərdə tutulub. Bununla əlaqədar yaxın vaxtda şirkət nümayəndələrinin ölkəyə səfər edəcəyi gözlənilir.

Azərbaycan-Fransa komissiyasının yeni tərkibi prezidentin 28 sentyabr 2006-cı il tarixli qərarı ilə təsdiq olunub. Azərbaycan tərəfdən komissiyanın həmsədri Heydər Babayev, Fransa tərəfdən isə - xarici ticarət naziri Kristina Laqarddır.

Xəbər lenti

Xəbər lenti