...

Azərbaycanın Vergilər Nazirliyi proqnozların yerinə yetirilməsi üçün bütün səylərini səfərbər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2007 13:45 (UTC +04:00)
Azərbaycanın Vergilər Nazirliyi proqnozların yerinə yetirilməsi üçün bütün səylərini səfərbər edəcək

Azərbaycan, Bakı / Trend müxbir İ.Xəlilova/ Trend in Azərbaycanın vergilər naziri Fazil Məmmədovla müsahibəsi:

- 2007-ci ildə Vergilər Nazirliyinin dövlət büdcəsinə 3,9 mlrd. manat həcmində vəsaitin ödəniləcəyi proqnozlaşdırılıb. Siz bu proqnozun yerinə yetirilməsini mümkün hesab edirsinizmi və Vergilər Nazirliyi hansı əlavə ehtiyatlar hesabına bu proqnozu yerinə yetirə biləcək?

- Azərbaycan Respublikası iqtisadiyyatı son bir neçə ildə aktiv templərlə inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu iqtisadi siyasət öz bəhrələrini verməkdədir. Təbii ki, iqtisadi uğurlar nəticə etibarilə fiskal göstəricilərdə də öz əksini tapır. Son üç ildə təkcə dövlət büdcəsinin gəlirləri 4 dəfədən çox artıb və 3,9 mlrd. manatı keçib. Əlbəttə, bu, çox ciddi iqtisadi uğurlardır. Mən deyərdim ki, belə artım templəri həqiqətən də heyranedicidir və Azərbaycan prezidentinin siyasətinin düzgün yolda olmasının bariz nümunəsidir.

Son illər vergi daxilolmalarının büdcə daxilolmalarında xüsusi çəkisi 68-71 faiz arasında dəyişib. Bu göstərici ötən il 69,8 faiz təşkil edib və gələn il üçün bir qədər də artacaq. Eyni zamanda, büdcə daxilolmalarının fiziki həcmi əhəmiyyətli şəkildə artacaq və təbii ki, bu artımın mühüm bir hissəsi vergi daxilolmalarının payına düşür. Bu il Vergilər Nazirliyi qarşısında müəyyən edilmiş proqnoz-tapşırıqlar 2006-cı ilin yekunları ilə müqayisədə 47 faiz çoxdur. Bu, əlbəttə, cari il üçün vergi orqanları qarşısında mühüm vəzifələr müəyyən edir.

Hesab edirəm ki, büdcə tapşırıqlarının tam həcmdə icrası üçün zəmin kifayət qədərdir. Bu ilk növbədə, iqtisadi artımla bağlıdır. 2007-ci ilin sosial-iqtisadi proqnozları deməyə əsas verir ki, cari ildə əlavə vergi potensialı mövcud olacaqdır. Digər tərəfdən, məlum olduğu kimi, karbohidrogen yataqlarının işlənməsi sürətli istismar mərhələsinə daxil olur və bu sahədən əhəmiyyətli artımlar gözləyirik.

Bütün bunlarla yanaşı, mən hesab edirəm ki, Vergi Məcəlləsinə 2006-cı ilin sonunda edilmiş bir sıra dəyişikliklər, həmçinin 2007-ci ildə vergi nəzarəti mexanizmlərinin daha da təkmilləşdirilməsi, informasiya texnologiyalarının, müasir proqram təminatlarının tətbiqi prosesinin davam etdirilməsi əlavə vergitutma bazasının aşkar edilməsinə imkan verəcək.

Vergilər Nazirliyi 2007-ci il üçün vergi daxilolmaları üzrə müəyyənləşdirilmiş proqnozların yerinə yetirilməsi üçün bütün səylərini səfərbər edəcəkdir.

- Nazirlik ƏDV-nin inzibatçılıq sisteminin təkmilləşdirilməsi çərçivəsində tədbirlər görür. Bu həmin sahədə bütün nöqsanların, məsələn, vergi ödənişindən yayınma faktlarının aradan qaldırılmasına necə yardım edir və dövlət büdcəsinə ƏDV daxilolmalarına necə təsir göstərir?

- Əlavə Dəyər Vergisi ilə bağlı məsələlər, xüsusilə də ƏDV inzibatçılığının təkmilləşdirilməsi prosesi artıq xeyli müddətdir ki, ciddi müzakirələrə səbəb olub. Bu sahədə Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq çərçivəsində bir sıra qanunverici təşəbbüslər qaldırılıb və Vergi Məcəlləsində dəyişikliklər edilib. 2006-cı ildən ƏDV qeydiyyatı üzərində nəzarətin gücləndirilməsi bu sahədə qabarıq problemləri qismən həll etməyə imkan verib.

Həmin dəyişikliklərdən sonra faktiki olaraq bu günə qədər 5304 vergi ödəyicisinin ƏDV qeydiyyatı ləğv edilib. Bunlar ƏDV üzrə külli miqdarda vergi borcları yaradan vergi ödəyiciləridir.

Son illər saxta vergi hesab-fakturaları ilə bağlı maliyyə fırıldaqldarının əhatə dairəsi genişlənib. ƏDV çoxpilləli ümumi istehlak vergisidir və o, məhsul, iş və xidmətlərlə bağlı əməliyyatların bütün mərhələlərində tətbiq edilir. Maliyyə hesablaşmalarının hər bir mərhələsində tətbiq olunduğu üçün nəzarət mexanizmlərinin nə qədər güclü olmasına baxmayaraq, bu vergidən yayınmağa meyllik daim vardır və bunun üçün tətbiq edilən sxemlər də bir o qədər fərqli və çoxdur. Bizim hesablamalarımıza əsasən, vergi qanunvericiliyinin liberal müddəalarından sui-istifadə edən ayrı-ayrı işbazların fəaliyyəti nəticəsində təkcə 2001-2005-ci illər ərzində dövlət büdcəsindən milyardlarla manata yaxın vergitutma bazası yayındırılıb. Təbii ki, belə şəxslər aşkara çıxarılır və barələrində müvafiq tədbirlər görülürdü. Lakin inzibati resurslarla mübarizə tədbirləri aparmaq heç də həmişə eyni səmərəni vermir.

Buna görə də ƏDV üzrə vergi ödəyicilərinin qeydiyyatı prosesinin sərtləşdirilməsi həm vergi orqanlarının maraqlarına cavab vermiş, həm də beynəlxalq maliyyə institutlarının ümumi tövsiyyəsinə uyğun gəlmişdir. Aparılan tədbirlər nəticəsində bu gün ƏDV qeydiyyatında olan vergi ödəyiciləri arasında maliyyə intizamının yaradılmasına əsasən nail olunub. Bizə belə gəlir ki, ötən ildən tətbiq olunmağa başlayan mexanizm özünü doğruldur. ƏDV üzrə daxilolmaların fiziki həcmi 15,7 faiz artıb, ƏDV üzrə borcun məbləği azalıb. Ötən il ƏDV üzrə borclar ümumi vergi borcunun az qala yarısını təşkil edirdi. 2006-cı ildə onun həcmi 25 faizdən çox azalıb. Bu konkret nəticələrdir. Lakin təbii ki, problemin köklü həlli deyil.

- 2007-ci ilin dövlət büdcəsi haqqında qanunun təsdiq edilməsi haqqında Prezident fərmanında Vergilər Nazirliyinə vergi ödənişlərindən, o cümlədən ƏDV-dən yayınma faktlarının aradan qaldırılması üzrə qanunvericilikdə dəyişikliklər edilməsi ilə bağlı təkliflərin hazırlanması həvalə olunub. Siz hansı dəyişiklikləri təklif edə bilərsiniz?

- Bu sahədə müxtəlif təkliflər səslənir. Artıq hökumət strukturları arasında bir neçə dəfə müvafiq müzakirələr aparılıb. Vergilər Nazirliyi də öz növbəsində müəyyən təkliflərlə çıxış edib.

Biz əvvəllər də ƏDV inzibatçılığının təkmilləşdirlməsi istiqamətində ƏDV bank hesabları sisteminin tətbiqini təklif etmişik. Bu məsələ də digər alternativ müzakirə olunan təkliflər sırasındadır. Ötən il sözügedən təklif demək olar ki hökumət strukturları arasında razılaşdırılmış və hətta Vergi Məcəlləsinə əlavə və dəyişikliklər barədə qanun layihəsinə də salınmışdı. Lakin bu bütöv bir sistemdir və onun tətbiqi müəyyən hazırlıq işləri, o cümlədən banklarla və vergi ödəyiciləri ilə izahat işlərinin aparılmasını, bir çox texniki məqamların həllini, eyni zamanda geniş maarifləndirmə kampaniyasının həyata keçirilməsini tələb edirdi.

Vergi Məcəlləsinin müzakirələri ilin sonunda baş tutduğu üçün həmin dəyişiklik qanun layihəsindən çıxarıldı. Lakin biz bu məsələdən uzaqlaşmamışıq. Əsas məsələ bu sistemin səmərəli işləməsi üçün mexanizmin işlənib hazırlanmasındadır. Eyni zamanda, digər alternativ variantların da müzakirəsi tələb olunur.

Nəzərə almaq lazımdır ki, söhbət büdcə gəlirlərinin formalaşmasında mühüm yeri olan bir vergiyə - ƏDV-yə münasibətdə yeni bir strategiyanın qurulmasından gedir. Bu məsələdə bütün fikirlərin və mövqelərin öyrənilməsi zəruridir.

Biz, Vergilər Nazirliyi olaraq, hesab edirik ki, ƏDV bank hesablarının tətbiqi bu sahədə mövcud olan çatışmazlıqları aradan qaldırmağa və dövlət büdcəsinə daxilolmaları artırmağa imkan verəcək.

- Sizin fikrinizcə, Tarif Şurasının 8 yanvar 2007-ci il tarixindən enerji daşıyıcıları, kommunal xidmətlər və şəhər nəqliyyatında gediş haqqının artırılması üzrə bu yaxınlarda verdiyi qərar dövlət büdcəsinə vergi daxilolmalrına necə təsir göstərəcək? Bununla əlaqədar vergi daxilolmalarının strukturundakı proqnozlarda dəyişikliklərin olacağını gözləmək olarmı?

- Tarif Şurasının sözügedən qərarı məqsəd etibarilə təkcə dövlət büdcəsinin gəlirlərini artırmağa xidmət etmirdi. Vergilər Nazirliyi iqtisadiyyatın dolayı subsidiyalaşdırılması prosesinin birbaşa ləğvində maraqlı tərəfdir. Qiymətlərin aşağı saxlanması hesabına uzun müddət istehsalın rentabelli olmaması kimi bir vəziyyətin qalması maliyyə axınlarının zəifləməsinə və nəticə etibarilə ciddi iqtisadi tənəzzülə gətirir. Büdcədən subsidiyalaşdırma bu problemin müvəqqəti həllidir.

Enerjidaşıyıcıların qiymətlərinə yenidən baxılması qaçılmaz addım idi. Bu, iqtisadiyyatın uzunmüddətli perspektiv üçün səmərəli fəailiyyətinin təmin edilməsi məqsədini daşıyır. Digər tərəfdən, bu kommunal sahədə islahatlara yol açır və investorların sahəyə sərmayə yatırmasına şərait yaradır. Çünki, köhnə tariflərlə heç kim sözügedən sahəyə sərmayə yatırmaqda maraqlı deyildi. İnvestor gələcək fəaliyyətinə əmin olmalıdır, dövlətin daim subsidiya ayıracağına heç bir investoru inandıra bilməzsiniz və bu həqiqətən də belədir.

Bu sahədə maliyyə intizamı güclənməlidir. Bu, nəticə etibarilə, dövlət büdcəsinə vergi ödəmələrinə də müsbət təsir göstərər və daxilolmaların ahəngdarlığını təmin edərdi. Çünki, qiymət artımı energetika sektorunda olan konsernlərə əhəmiyyətli maliyyə axınları əldə etməyə imkan verəcək. Həmin maliyyə axınları toplanıb büdcəyə gəlməlidir. Hesablamalara görə, neft məhsullarının qiymətinin artırılması hesabına büdcəyə bu il 200 milyon manata yaxın əlavə vəsaitin daxil olması proqnozlaşdırılır.

Proqnozlarda dəyişikliərə gəlincə, büdcədə korreksiyanın aparılması üçün vergi daxilolmalarının ilk 4 ayı üzrə nəticələrini gözləmək gərəkdir. Düşünürəm ki, tələsmək lazım deyil. Büdcəyə yenidən baxmaq imkanı hər zaman vardır. May-iyun aylarında bu məsələyə yenidən qayıtmaq olar.

Yenidən dəqiqləşdiriləcək büdcə daxilolmaları tariflərin artımı ilə bağlı olduğuna görə, daxilolmaların da artımı əsasən ARDNŞ və kommunal xidmətlər sektorunda çalışan şirkətlərin ödəyəcəyi vergilərlə bağlı olacaq.

- 2007-ci ildə Vergi Məcəlləsində edilən düzəlişlərdə vergi dərəcələrində dəyişikliklər nəzərdə tutulmayıb. 2008-ci ildə bu istiqamətdə dəyişikliklərin ediləcəyi planlaşdırılırmı və bu dəyişikliklər hansı vergi növləri üzrə olacaq?

- Bəli, bu il vergi dərəcələrinin aşağı salınması nəzərdə tutulmadı. Vergi dərəcələrinin dəyişdirilməsi konkret məqsədlər daşımalıdır. Əgər 6-7 il əvvəllə müqayisə etsək, görmək olar ki, ölkədə vergilərin sayı 14-dən 9-a endirilib, mənfəət vergisinin dərəcəsi 10 faiz, ƏDV-nin səviyyəsi 2 faiz, gəlir vergisinin yuxarı həddi 10 faiz aşağı salınıb. Yəni vergi dərəcələrinin kifayət qədər aşağı salınması prosesi gedib.

Azərbaycanda vergi yükü problemi gündəlikdə durmur. Beynəlxalq təcrübə göstərir ki, vergi ödəyicisindən tutulan vergilər onun məcmu gəlirinin 30-40 faizindən çox olduqda iqtisadi fəallığın səviyyəsi aşağı düşür, ölkəyə qoyulan investisiyaların həcmi azalır. Son beş il üzrə Azərbaycanda vergi yükünün səviyyəsinə diqqət yetirsək, bu göstəricinin 20 faiz həddini ötmədiyini görmək olar. Bu bir çox ölkələrlə müqayisədə çox aşağı göstəricidir, Avropa ölkələrində faktiki vergi yükünün səviyyəsi respublikamızla müqayisədə çox yüksəkdir. MDB dövlətlərinə gəldikdə isə, Azərbaycanda vergi yükü Rusiya, Ukrayna, Qazaxıstan, Belarus kimi dövlətlərdən aşağıdır.

Əgər siz Avropa ölkələrinin vergi qanunvericiliyinə diqqət yetirsəniz, görə bilərsiniz ki, ƏDV dərəcəsinin orta göstəricisi bu ölkələr üzrə 19,5%, mənfəət vergisi dərəcəsinin orta gostəricisi isə 24,2%-dir. Fiziki şəxslərin gəlir vergisinin dərəcəsinin maksimal həddi üzrə orta gostərici isə bu ölkələr üzrə 40,8% təşkil edir. Deməli, Azərbaycanda ƏDV-nin dərəcəsi Avropa ölkələri üzrə ƏDV dərəcəsinin orta göstəricisindən aşağıdır və optimal həddədir. Mənfəət və gəlir vergisinin dərəcələrinin də Avropa ölkələri üzrə orta göstərici ilə müqayisəsi zamanı bu hal müşahidə olunur.

MDB-yə üzv olan ölkələr üzrə ƏDV-nin orta göstəricisi 18,8%, mənfəət vergisinin orta göstəricisi 22,9%, fiziki şəxslərin gəlir vergisinin orta göstəricisi isə 21,3%-dir.

Bununla belə, hökumət vergi yükünün optimal səviyyədə saxlanılması və vergi sisteminin liberallaşdırılması istiqamətində siyasət yürüdür və buna görə də vergi dərəcələrinin perspektivdə aşağı salınması ilə bağlı bu il hər hansı dəyişikliklər edilməsini istisna etmirəm.

- Vergilər Nazirliyində əmlak vergisi ilə torpaq vergisinin birləşdirilməsi zərurəti nəzərdən keçirilib. Azərbaycanda bu istiqamətdə yeniliklərin nə zaman ediləcəyi gözlənilir?

- Beynəlxalq təcrübəyə əsasən, əmlak vergisi üzrə vergitutma obyekti kimi torpaq, bina və s. daşınan və daşınmaz əmlaklar götürülür. Bu baxımdan hər iki tədiyyə növünün eyni məqsədə xidmət etdiyini nəzərə alaraq onları birləşdirmək və vahid vergi növü kimi tətbiq etmək barədə fikirlər xeyli vaxtdır ki, səslənir.

Lakin ölkəmizdə torpaq bazarının formalaşmaması və torpağın qiymətinin müəyyən edilməsi metodlarının işlənməməsi bu vergi növlərinin birləşdirilməsində müəyyən əngəllər yaradır. Daşınmaz əmlak kateqoriyasına aid olan torpaq qiymətləndirilərək alqı-satqı predmeti kimi götürülsə, gələcəkdə torpaq vergisi ilə əmlak vergisini birləşdirmək barədə düşünmək olar. Təbii ki, bu vergi qanunvericiliyinin sadələşdirilməsi, sahibkarlara daha aydın və şəffaf metodlardan istifadə imkanının verilməsinə xidmət edə bilər.

Eyni zamanda, bu vergilərin birləşdirilməsi üçün bir sıra başqa iqtisadi əsasların da yaranması zərurəti vardır. Torpaq vergisi ölkədə iqtisadi fəallığı artıran vergi növlərindən biridir. Torpaq vergisi torpaq mülkiyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Bu vergi növünün göstərilən formada tətbiqi sahibkarı sərəncamda və mülkiyyətdə olan torpaq sahələrindən səmərəli istifadə etməyə məcbur edir. Bununla əlaqədar, torpaq vergisi renta tipli əmlak vergisi xarakteri daşıyır. Müasir dövrdə həm torpaq, həm də əmlak vergilərinin daxilolmalarda xüsusi çəkisi nisbətən azdır.

Bir çox ölkələrdə torpaq əmlakın qiymətli hissəsi hesab edilir və onlara vahid vergi rejimi tətbiq edilir. Bir sıra ölkələrdə isə torpaq vergisi də əmlak vergisinin tərkibində olmaqla yerli büdcələrin formalaşmasında müstəsna əhəmiyyət kəsb edir.

Lakin qeyd etdiyim kimi, hələlik bu vergilərin birləşdirilməsi barədə düşünmək tezdir və bunun üçün müəyyən iqtisadi əsasların yaradılması lazımdır. Bizim yanaşmamıza görə, indi əsas diqqət əmlak vergisinin büdcəyə cəlb edilməsində olan problemləri aradan qaldırmağa yönəldilməlidir. Hazırda ölkəmizdə əmlak vergisinin tam şəkildə vergitutma bazasına daxil edilməsində bəzi problemlər mövcuddur. Bu, bir tərəfdən fiziki şəxslərin əmlak vergisinin toplanması ilə məşğul olan bələdiyyələrin vergi xidməti sisteminin kifayət qədər inkişaf etməməsi ilə bağlıdırsa, digər tərəfdən də daşınmaz əmlakın bazar qiymətləri ilə vergiyə cəlb edilməsində müşahidə olunan problemlərlə əlaqəlidir. Hazırda bu sahədə iş aparılır və əmlak vergisinin tətbiqi mexanizmlərini təkmilləşdirilməsi üzrə beynəlxalq təcrübə öyrənilir.

- 2006-cı ildən "AÇG" yatağında birgə işlənmə və hasilatın bölüşdürülməsi haqqında Saziş əsasında podratçı tərəflərdən mənfəət vergisi üzrə dövlət büdcəsinə daxilolmalar başlayıb. 2006-cı ilin yekunları üzrə bu istiqamətdə dövlət büdcəsinə hansı daxilolmalar təmin olunub və onlar ümidləri nə dərəcədə doğruldub?

- Bu yataqlar üzrə tammiqyaslı işlənmənin başlanması və podratçıların mənfəətə çıxması dövlət büdcəsinə vergi ödəmələrinin əhəmiyyətli artımına gətirib. 2006-cı ildə bu layihə üzrə podratçılar tərəfindən 972,9 milyon manat mənfəət vergisi ödənilib ki, bu da nəzərdə tutulmuş məbləğə nisbətən 42,4 faiz artıq olub. Demək olar ki, ümidlər kifayət qədər doğrulmuşdur. Həm bu il, həm də qarşıdakı bir neçə il ərzində şübhəsiz ki, bu gəlirlər daha artıq olacaqdır.

Etiraf etməliyəm ki, vergi daxiolmalarının əhəmiyyətli bir hissəsini təşkil edən və gələcəkdə daha böyük maliyyə axınları yaradacaq bu gəlirlər üzərində vergi nəzarətinin təmin edilməsi hazırda qarşımızda duran bir nömrəli məsələdir. Neft gəlirlərinin sürətli artımı vergi orqanları qarşısında bu gəlirlərə nəzarəti təkmilləşdirmək, xüsusilə xarici şirkətlərin gəlirləri üzərində effektiv və müasir texnologiyaların tətbiqi ilə nəzarət mexanizmləri işləyib hazırlamaq tələbini qoyub. Yeni iqtisadi şəraitin qarşımıza qoyduğu tələblər bizi kadrların peşəkarlıq səviyyəsini daim artırmağa, müasir texnologiyalarını, proqram təminatlarını mənimsəməyə vadar edir. Biz bu istiqamətdə işləyirik və hesab edirəm ki, Azərbaycan dövlətin çatası hər manatın mütləq şəkildə dövlət büdcəsinə cəlb edilməsi təmin ediləcəkdir.

Xəbər lenti

Xəbər lenti