...

OFİD Azərbaycanda ilk investisiyanı Mikromaliyyələşdirmə Bankına təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2007 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend /Mayın 31-də Azərbaycan Mikromaliyyələşdirmə Bankı (AMMB) OFID Beynəlxalq maliyyə fondundan (The Opec Fund for İnternational Development -OPEC (Organization of Petroleum Exporting Countries) nəzdində fəaliyyət göstərən beynəlxalq inkişaf fondudur) 5 milyon ABŞ dolları məbləğində kredit alıb. Bu barədə bankın cümə axşamı yaydığı məlumatda bildirilib.

Bu kredit çərçivəsində əldə edilmiş vəsaitdən Azərbaycanın mikro, kiçik və orta biznesinin inkişafının dəstəklənməsinə yönəldiləcək kreditlər üçün istifadə olunacaq. Müqavilə beş il müddətinə bağlanır və OFID üçün bu, Azərbaycana sərmayələrin qoyulması sahəsində ilk təcrübədir.

"Biz, OFID kimi təşkilatı bizim maliyyə partnyorlarımız arasında görməyimizə çox şadıq - xüsusilə də ona görə ki, OFID təşkilatının missiyası inkişaf edən iqtisadiyyatı olan ölkələrdə sosial-iqtisadi sahənin yaxşılaşdırılması üçün təbii resurslardan istifadə edilməsindən ibarətdir. Azərbaycan öz qaz və neft resurslarından istifadə etməklə, məhz bu istiqamətdə inkişaf etməyə çalışır. Bu, mikro və kiçik biznesin inkişafı yolu ilə Azərbaycanda yoxsulluğun aradan qaldırılması sahəsində bankımızın aparıcı mövqe tutduğunu təsdiq edən OFID təşkilatının Azərbaycana ilk sərmayəsidir. Onu da qeyd etmək lazımdır ki, təsisçilərdən alınan kreditlər istisna olmaqla, bu, AMMB-yə bu günə qədər təqdim edilmiş kreditlər arasında məbləğ baxımından ən böyük kreditdir" -Vyana şəhərində OFID-in rəhbərliyi ilə görüşdən sonra AMMB-nin baş meneceri Andrü Pospielovski qeyd edib.

Ümumilikdə, AMMB mikro və kiçik biznesin inkişafı üçün beynəlxalq maliyyə institutlarından 62 milyon ABŞ dollarından artıq kreditlər cəlb edib; belə ki, AMMB qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsi sahəsində ən vacib vasitəçi rolunu oynayır.

Azərbaycan Mikromaliyyələşdirmə Bankı 100% xarici kapitala malikdir və altı təsisçinin mülkiyyətindədir. Bunlar arasında Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Almaniya hökuməti nəzdində olan KfW Alman İnkişaf Bankı və alman konsaltinq firması olan LFS Financial Systems GmbH və bu yaxınlarda təsisçilər heyətinə daxil olmuş AccessHoldinq təşkilatıdır.

Xəbər lenti

Xəbər lenti