...

Parlament komissiyasının sədri: Azərbaycan hökuməti AzSSR dövründə Əmanət Bankına qoyulmuş vəsaitlərin indeksasiyası üçün intensiv işlər görür

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2007 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.İlhamqızı/ Azərbaycan vətəndaşlarının AzSSR Əmanət Bankına qoyduqları vəsaitlərin indeksasiyası məsələsi hökumətin diqqət mərkəzindədir və bu istiqamətdə intensiv işlər aparılır. Bunu cümə axşamı jurnalistlərə Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə bildirib.

Millət vəkili bildirib ki, bu məqsədlə dövlət komissiyası yaradılıb, Kapital Bank və Maliyyə Nazirliyi ilə birgə iş aparılır. Dövlət komissiyasına baş nazir Artur Rəsizadə başçılıq edir.

Maliyyə Nazirliyinin ilkin hesablamalarına görə, indeksasiya 8 il ərzində aparılacaq və bu məqsəd üçün 600 mln. dollara qədər vəsait yönəldiləcək. Xatırladaq ki, Kapital Bank tərəfindən aparılmış invertarizasiya zamanı 1 mln. 986 min əmanətçi müəyyən olunub. Onların əmanətlərinin ümumi məbləği 4,8 mlrd. sovet rublu təşkil edir. Maliyyə Nazirliyinin indeksasiya aparılması üçün $0,3-0,4 mlrd., $0,5-0,55 mlrd. və $0,8-1 mlrd. tələb edən üç variantı var.

"Hazırda əmanətlərin hansı hissəsinin qaytarılacağı müzakirə olunur. Digər tərəfdən xeyli sayda saxta əmanət kitabçaları aşkara çıxarılıb. Onların aşkarlanması və dəqiqləşdirilməsi üçün arxiv öyrənilir. Materiallar hazırlanaraq hökumətə təqdim olunacaq",-deyə Səmədzadə söyləlyib.

Deputat hesab edir ki, əmanətlərin qaytarılması mexanizmi ölkədə maliyyə stabilliyini təmin etməli və eyni zamanda əmanətçilərin hüquqlarını nərpa etməlidir.

MDB ölkələrindən yalnız Qazaxıstan, Qırğızıstan və Belarusda bu proses başa çatdırılıb. Hazırda əmanətlərin indeksasiya prosesi Rusiya, Ukrayna və Moldovada gedir. Bu ölkələrin hər birində indeksasiya müxtəlif cür aparılır. Belə ki, Rusiyada 1 Sovet rublu - $0,0033, Qazaxıstanada $0,006 (150 rubl - 1 dollar), Ukraynada - $0,009, Belarusda $0,33, Moldovada $0,20, Qırğızıstanada $0,024 kimi qəbul olunub.

Xəbər lenti

Xəbər lenti