...

Əhalinin Əmanətlərinin Sığortası Fondu fəaliyyətə başlamasını elan edib (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2007 16:20 (UTC +04:00)
Əhalinin Əmanətlərinin Sığortası Fondu fəaliyyətə başlamasını elan edib (video)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Avqustun 13-dən Əhalinin Əmanətlərinin Sığortası Fondu fəaliyyətə başlayacaq. Bugünkü mətbuat konfransında Azərbaycan Milli Bankı (AMB) idarə heyətinin sədr müavini Avtandil Babayev bildirib ki, bu cür maliyyə institiutunun yaradılması bazar iqtisadiyyatının klassik formasıdır.

"İqtisadiyyatın yüksək artım templəri şəraitində bu cür instituta ehtiyac artır. Belə ki, əhalinin banklara qoyduqları əmanətlər artır. Bu da nəinki yalnız banklara, həm də dövlətə inamın təsdiqidir", - deyə Babayev söyləyib.

Onun sözlərinə görə, son 12 ay ərzində əhalinin əmanətlərinin artım tempi 70 faiz təşkil edib. Sığorta fondunun fəaliyyətə başlaması ilə bunun həcmi daha da artacaq.

Hazırda Fondun üzvləri sırasında 30 bank var. AMB nümayəndəsinin sözlərinə görə isə onların sayı hər gün arta bilər. Bu banklara qoyulan əmanətlərin xüsusi çəkisi ümumilikdə bank sahəsində olan əmanətlərin 98 faizini təşkil edir.

Fondun icraçı direktoru Azad Cavadov bildirib ki, bu banklara artıq sertrifikat verilib və fəaliyyətinin ilk günündən onlar hər biri üçün 10 min manat məbləğində müəyyən olunmuş birdəfəlik ödənişləri köçürməlidirlər. Fond həmçinin illik 0,6 faiz məbləğində təqvim ödəmələrindən formalaşacaq. Lakin bu məbləğ əmanətlər üzrə gündəlik qalıqlardan 0,15 faiz üzrə hər rübdə öyrəniləcək.

Əmanətlərin sığortası haqqında qanuna görə, 2008-ci il yanvarın 1-nə qədər fonddan 4 min manata qədər məbləğdə əmamətlər, 2008-ci il yanvarın 1-dən 2010-cu il yanvarın 1-nə qədər 6 min manata qədər, 2010-cu il yanvarın 1-dən isə 8 min manata qədər məbləğdə əmanətlər sığortalanacaq. Bununla yanaşı faiz dərəcəsi AMB-nin hesablama faizini (hazırda 13 faiz) 1,8 dəfə üstələyən əmanətlər sığortaya düşməyəcək. Belə ki, sığortalan əmanət üzrə faiz dərəcəsi 23,4 faiz təşkil edə bilər. Banklar bu cür əmanət qəbul edərkən müştərini sığortra fondunun təminatının olmaması barədə xəbərdar etməlidirlər.

İyulun 1-nə olan vəziyyətə görə, banklar tərəfindən fiziki şəxslərdən 1 mlrd. manatdan çox depozit cəlb olunub.

Xəbər lenti

Xəbər lenti