Azərbaycan, Bakı, 24 aprel/ Trend , müxbir İ.Xəlilova/ Qazaxıstan 2009-cu ildən Qazaxıstan Xəzər Boru Kəmərləri Sistemi vasitəsilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinə müəyyən həcmdə neft nəql etməyə hazırdır. Bu barədə cümə axşamı Bakıda, Qazaxıstanın energetika və mineral ehtiyatlar nazirinin müavini Duysenbay Turqanov məlumat verib.
Turqanov BTC üzrə nəql ediləcək neftin konkret həcmini açıqlamayıb, "belə ki, bu, şəraitdən və iqtisadi hesablamalardan asılı olacaq".
Hazırda Qərbi Qazaxıstanda Eskinedən Kurık limanında neft qovşağının tikintisi gedir. Buradan neft tankerlərlə Bakıya daşınacaq.
"Bizim neftin nəqli üçün digər marşrutlarımız da var - qərbə, Çinə və Rusiyadan keçməklə Avropaya. Bundan əlavə, Xəzər Boru Kəməri Konsorsiumunun genişləndirilməsi planlaşdırılır və digər köhnə tranzit neft kəmərləri də var", - Turqanov bildirib.
Ötən il Qazaxıstanda 67 mln. tondan çox neft hasil edilib və bunun təqribən 60 mln. tonu ixrac edilir. Nazir müavini xarici bazarlara ixrac edilən Qazaxıstan neftinin bu həcmindən müəyyən hissənin Bakı-Tbilisi-Ceyhan neft kəmərinə yönləndiriləcəyini dəqiqləşdirib. Bu il neft hasilatı həcminin 70 mln. tonu ötəcəyi gözlənilir.
"Hazırda danışıqlar prosesi davam edir və neftin konkret tranzit həcmindən neftçilər və mütəxəssislər tərəfindən hesablamalar müəyyən edildikdən sonra danışmaq olar, - Turqanov bildirib. - Danışıqlarda əsas məsələ tariflərdir".
O hesab edir ki, Qazaxıstanın bu marşrut üçün kifayət qədər nefti var. Belə ki, "2010-cu ildən etibarən son illər Xəzər regionunda açılan ən iri yataq - Kaşaqan mənimsəniləcək".
Nazir müavini hazırda Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəqli üçün Xəzərin dibi ilə boru kəmərinin çəkilməsi məsələsinin öyrənilməsini bildirib.
"Yeni sualtı neft kəmərinin tikintisi çətin prosesdir və kəmər 600 km uzunluğunda olduğu üçün bu məqsədlə texniki qərarın qəbul edilməsi lazımdır. Buna görə məsələ açıqdır və öyrənilir, - nazir müavini bildirib. - Bu, neft sənayesinin texniki imkanlarından asılı olacaq. Belə ki, bu, ciddi obyekt olduğu üçün ekologiya, təhlükəsizlik və həcmlə bağlı hərtərəfli yanaşma lazımdır".
O belə layihələrin gəlirliliyini nəzərə alaraq beynəlxalq maliyyə institutları - Asiya İnkişaf Bankı, Dünya Bankı, AYİB, İslam İnkişaf Bankı tərəfindən bu layihəyə böyük maraq göstərildiyini təsdiqləyib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]