Azərbaycan, Bakı, 02 iyun / Trend / Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) "28 may" Neft-Qaz Hasilatı İdarəsinin (NQHİ) 2008-2010 - cu illər üzrə sosial-iqtisadi inkişaf proqramını təsdiq edib. Bu barədə ARDNŞ -nin bazar ertəsi yayılan məlumatında bildirilir.
"Günəşli" yatağının az sulu hissəsini istismar edən "28 may" NQHİ ARDNŞ tərəfindən hasil edilən neftin 60 faizini, qazın isə ümumi həcminin 70 faizini təmin edir.
Proqram çərçivəsində neft hasilatının stabilləşdirilməsi və təbii qaz hasilatı həcminin artırılması planlaşdırılıb.
Proqram yeni obyektlərin tikintisini, qazma işləri həcminin artırılmasını, neft - mədən avadanlıqlarının və nəqliyyat-boru kəməri sistemlərinin müasirləşdirilməsini, həmçinin, platformanın əsaslı təmirini nəzərdə tutur.
ARDNŞ ilin sonunadək "Dənizneftqazlayihə" institutunun layihəsi üzrə 2, 4, 5 və 10 saylı platformalarda təmir işləri aparmalıdır. Bu iri konstruksiyaların sualtı hissələri yoxlamadan keçirilir, onlar davamlılıq testindən keçirilir və dalğıcların köməyi ilə təmir olunurlar. İnşaatçılar platformanın su üzərindəki hissələrində köhnə konstruksiyaları əvəzləyir, göyərtənin örtülməsi üzrə işlər həyata keçirir, avadanlıqların rənglənməsini təmin edir, körpücüklərin, vertolyot və enmə meydançalarının təmirini reallaşdırırlar. Ötən il 6, 3 və 9 saylı platformalar beynəlxalq standartlara müvafiq vəziyyətə gətirilib. Hazırda 4 saylı platformada təmir işləri aparılır.
Bu platformalardakı yaşayış bloklarından başqa, ikinci blokların inşası planlaşdırılır. Həmçinin, platformaların hər biri üçün İspaniya istehsalı olan və sutkada səkkiz kub metr gücündə olan duz təmizləyici qurğuların alınması planlaşdırılır. Türkiyə istehsalı olan bu tipli qurğu əvvəllər 11 saylı platformada quraşdırılıb və burada suyun duzluluğu ilə bağlı problem yoxdur.
NQHİ 13 dərin sulu stasionar dəniz platformasından neft və qaz hasil edir. Onların istismar müddəti 50 ildir. Platformalardan sərt dəniz şəraitində istifadə olunması və güclü sualtı cərəyanlar səbəbindən, onların təmir-bərpasına, yenidənqurmasına və davamlılığının yoxlanılmasına lüzum yaranıb.