Azərbaycan, Bakı, 17 sentyabr/ Trend / " BP şirkəti "Azəri - Çıraq - Günəşli " yataqlarının işlənilməsi layihəsi çərçivəsində, daha bir dəniz platformasında neft hasilatını dayandırıb, - BP Azerbaijan şirkəti (layihənin operatoru) mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı çərşənbə günü bildirib.
"Ehtiyat məqsədilə, "Azəri" yatağının qərb hissəsində yerləşən platformada əməliyyatlar dayandırılıb, - şirkətdən bildiriblər. BP əvvəllər "Mərkəzi Azəri" yatağında hasilatı dayandıraraq, personalı yataqda quraşdırılmış platformadan köçürüb. Bu, platformanın yaxınlığında havada qaz tullantısı aşkar edilməsi ilə bağlı həyata keçirilib. "Azəri" yatağının şərq hissəsində quraşdırılan platformada hasilat davam etdirilir.
"Qaz platformada quraşdırılan detektorlar vasitəsilə aşkar edilib. Təhlükəsizlik məqsədilə personal platformadan köçürülüb", - şirkətdən bildiriblər.
"Mərkəzi Azəri" platforması yataqlardan hasil edilən neft və qazın nəqli zəncirində əsas halqadır. "Qərbi Azəri" və "Şərqi Azəri" yataqlarında yerləşən digər platformalardan hasil edilən neft və qaz "Mərkəzi Azəri" platformasına, sonra isə, Səngəçal terminalına çatdırılır. Neft Səngəçal terminalından Bakı - Tbilisi - Ceyhan (BTC) neft kəməri ilə ixrac edilir.
Yeddi platformanın yerləşdiyi "Azəri - Çıraq - Günəşli" yataqlarından ümumi hasilat suktada 900 min bareli ötüb.
"Azəri - Çıraq - Günəşli" yataqlarından BTC ilə ixrac edilən Azeri Light növlü neft hasil olunur.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]