Macarıstan, Budapeşt, 31 oktyabr / , müxbir S.Əliyev/ Avropada qaza tələbat həcmi yaxın illərdə təqribən 14 faiz artaraq ildə 820 mlrd. kubmetrə çatacaq. Qaza tələbat artımı üzrə daha çox həcm Avropa İttifaqının "yeni" ölkələrinin payına düşəcək. Trend -ın forumda iştirak edən müxbirinin verdiyi xəbərə görə, bu barədə Budapeştdə keçirilən III Enerji forumunda Fransanın GDF SUEZ şirkətinin Xəzər regionu və İran üzrə vitse-prezidenti Filipp Hoşart (Philippe Hochart) bildirib.
"Qaz tədarükünün artmasına və onun saxlanılması üçün çənlərin tikilməsinə baxmayaraq, yanacağın bu növü yenə də çatmayacaq", -deyə Hoşart bildirib.
Onun sözlərinə görə, Avropaya əsas yeni qaz tədavrükçüləri iki region ola bilər - Yaxın Şərq və Xəzər regionu. İran, İraq, Səudiyyə Ərəbistanı və Qətərdə qaz yataqları 200 il müddətinə istismar oluna bilər. Dünya üzrə qaz ehtiyatlarının təqribən 40 faizi bu ölkələrdə toplanıb.
"Bununla yanaşı ötən illər Avropa İrandan qaz almağa artıq bir neçə dəfə cəhd göstərib, lakin bütün bu səylər uğursuz alınıb", - deyə GDF SUEZ-in yüksək vəzifəli nümayəndəsi bildirib.
Xəzər regionundan qaz, ilk növbədə Azərbaycandan - "Şahdəniz" yatağından tədarük oluna bilər. Bu yataq Azərbaycanın SOCAR şirkəti ilə birgə xarici şirkətlər konsorsiumu tərəfindən istismar olunur.
BP-nin məlumatlarına görə, Azərbaycanda təsdiq olunan qaz ehtiyatları 1,3 trln. kubmetri üstələyir.
"Azərbaycanda əhəmiyyətli dərəcədə qaz ehtiyatları var. "Şahdəniz" layihəsinin ikinci mərhələsi ("Mərhələ-2") yataqda qaz hasilatını ildə 10-20 mlrd. kubmetrə artırmağa imkan verəcək", - deyə Hoşart bildirib.
GDF SUEZ-nın vitse-prezidenti Türkmənistanda qaz ehtiyatlarının "böyük" olduğunu və "Cənubi İolotan" yatağında təqribən dörd trln. kubmetr qazın olduğunu bildirib.
"Qazaxıstan və Özbəkistandan qaz tədarükü perspektivləri daza uzaqdır", - deyə Hoşart söyləyib.
Onun fikrincə, səmərəli hasilat üçün ilk növbədə, sərmayə lazımdır. "Həmçinin müasir texnologiyaların tətbiqi lazımdır, necə ki, bunu Azərbaycanda - "Şahdəniz" yatağından edirlər", - deyə GDF SUEZ-nın vitse-prezidenti bildirib. Hoşartın sözlərinə görə, Yaxın Şərq və Xəzər regionundan qaz ixracı etmək üçün tədarükçü-ölkələr, hər şeydən öncə, öz daxili bazarlarını təmin etməlidirlər. "Əgər bu baş verməzsə, Avropada inamsızlıq qalacaq", - deyə GDF SUEZ-in yüksək vəzifəli nümayəndəsi bildirib.
Budapeştdə keçirilən Enerji forumu "Şəqr Araşdırmalar İnstitutu" Fondu tərəfindən təşkil olunub. Foruma informasiya dəstəyi Trend ə məxsusdur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]