Azərbaycan, Bakı, 14 noyabr/ Trend / Aşağıda Bakı Enerji Sammitinin Bəyannaməsinin tam mətni təqdim edilir:
Biz, 2008 - ci il noyabrın 14 - də Bakıda keçirilmiş Enerji Sammitinin iştirakçıları, qlobal enerji təhlükəsizliyinin təmin edilməsinin vacibliyini təsdiqləyərək və Enerji Xartiyasında ifadə edilmiş əsas prinsipləri qəbul edərək, qlobal iqtisadi və siyasi proseslərdə enerji daşıyıcıları və onların dünya bazarlarına tədarükünün artan rolunu nəzərə alaraq, tədarüklərin sabitliyi və enerji daşıyıcılarının dünya bazarlarına təhlükəsiz nəqlinin davamlı inkişafın ən vacib və zəruri amili kimi, bütün beynəlxalq ictimaiyyətin maraqlarına cavab verdiyini qeyd edərək, karbohidrogen mənbələrinin, onların bazar iqtisadiyyatı, şəffaflıq, azad rəqabət və qarşılıqlı fayda prinsipləri əsasında istehlakçılaradək nəqli yollarının diversifikasiyasına sadiqliyimizi ifadə edərək, Xəzər regionunun karbohidrogenlərin mənimsənilməsi və enerji daşıyıcılarının beynəlxalq bazarlara nəqlinin ən iri mərkəzlərindən biri olduğunu və Avro-Asiya Neft Nəqli Dəhlizi sisteminin ən vacib həlqəsi olduğunu təsdiq edərək, Xəzər regionu karbohidrogenlərinin beynəlxalq bazarlara nəqli üçün Avro-Asiya dəlizi layihəsinin realizəsini müsbət qiymətləndirərək və vacibliyini təsdiqləyərək, aşağıdakıları bəyan edirik:
1. İstehsalçı ölkələr, tranzit ölkələr, enerji ehtiyatlarını istehlak edən ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsinə və regional enerji
sərmayə layihələrinin realizəsi üçün zəruri əlverişli şəraitin yaradılmasına sadiqliyimizi təsdiq edirik.
2. Neft və qazın Xəzər hövzəsindən dünya və Avropa bazarlarına tədarükü yollarının diversifikasiyasına yönəlmiş siyasətin davam etdirilməsini vacib hesab edirik.
3. İştirakçı dövlətlərin tələbatlarının daha tam şəkildə ödənilməsi üçün Azərbaycanın təbii qazının regional və Avropa bazarlarına çoxvektorlu nəqli və tranzit infrastrukturunun yaradılması və üzrə layihələrin realizəsinə dəstəyimizi ifadə edirik.
4. Razılıqla qeyd edirik ki, Xəzər hövzəsinin böyük resurs ehtiyatlarını dünya və Avropa bazarları ilə əlaqələndirən neft və təbii qazın mənbələri və nəqli yollarının diversifikasiyası üzrə realizə edilən enerji layihələri xeyli dərəcədə regional əməkdaşlığın gələcək möhkəmlənməsinə yardım edir, rəqabət mühiti və enerji ehtiyatlarının istehsalçı ölkələri, istehlakçı ölkələri və tranzit ölkələrinin qarşılıqlı faydalı maraqlarının təmin edilməsi üçün daha əlverişli şərait yaradır.
5. Neft və qazın dünya və Avropa bazarlarına ixracını səmərəli şəkildə təmin edən Bakı - Tbilisi - Ceyhan, Bakı - Novorossiysk, Bakı - Supsa neft kəmərləri, Bakı - Tbilisi - Ərzurum və Türkiyə - Yunanıstan qaz kəmərlərinin müsbət təcrübəsi və uğurla fəaliyyət göstərməsini qeyd edirik.
6. Neftin Avropa bazarlarına ixracı üçün Avro - Asiya Neft Nəqli Dəhlizi sistemində Odessa -Brodı neft kəmərinin işə salınmasının əhəmiyyətini təsdiq edirik.
7. Karbohidrogenlərin etibarlı və təhlükəsiz nəlqində zəruri şəraitin təmin edilməsi üçün iştirakçı ölkələrin səylərini birləşdirmək məqsədilə, Xəzər - Qara dəniz - Baltik Enerji Tranziti Məkanının yaradılması üzrə təşəbbüsü alqışlayır və bu işin davam etdirilməsinin vacibliyini qeyd edirik.
8. Krakov, Vilnüs və Kiyev Enerji Sammitlərinin qərarlarının, o cümlədən yeni Beynəlxalq Boru Kəməri Müəssisəsi (BBKM) "Sarmatiya" təşkilati strukturunun yaradılması və Odessa - Brodı -Plotsk - Qdansk neft kəmərinin istismarı üçün zəruri şərtlərin işlənilməsi üzrə qərarların realizəsi çərçivəsində qəbul edilmiş təşkilati və əməli tədbirlərdən razılığımızı ifadə edirik.
9. Xəzər regionunda Qazaxıstan neftinin Xəzər dənizi və Azərbaycan Respublikasının ərazisi ilə Avropa və dünya bazarlarına nəqli sisteminin yaradılması üzrə aparılan işi alqışlayır və təqdir edirik.
10. İqtisadi səmərəliliyin artırılması və neft və qazın nəqli və tranziti üçün daha əlverişli rejimin yaradılması üzrə əlavə imkanların nəzərdən keçirilməsinin davam etdirilməsinin zəruri olduğunu güman edirik.
11. Bakı Enerji Sammitindən bir gün əvvəl keçirilmiş müvafiq nazirlik, idarə, yanacaq-enerji kompleksləri və neft - qaz şirkətləri rəhbərlərinin görüşünün nəticələrini, həmçinin, sahə əməkdaşlığının möhkəmləndirilməsi və dərinləşdirilməsi, istehsal gücləri və infrastrukturun inkişafı, enerji səmərəliliyi və enerjiyə qənaət sahələrində elmi - texniki informasiya və əldə edilmiş təcrübənin mübadiləsi üzrə razılıqları diqqətə alırıq.
12. Avropanın enerji
təhlükəsizliyinə yönəlmiş birgə
layihələrinin, xüsusilə də qazın Gürcüstan
və Türkiyə ərazisindən, o cümlədən
də Türkiyə -Yunanıstan - İtaliya İnterkonnektoru,
Nabukko və digərləri daxil olmaqla, tranziti üzrə
layihələrin realizəsində tərəflərin
fəaliyyətinin koordinasiyası üzrə səyləri
davam etdirmək barədə razılığa gəldik.
13. Bəyannaməyə qoşulublar:
Azərbaycan Respublikası, Bolqarıstan Respublikası,
Macarıstan Respublikası, Yunanıstan Respublikası,
Gürcüstan, İtaliya Respublikası, Latviya Respublikası,
Litva Respublikası, Polşa Respublikası, Rumıniya, Amerika
Birləşmiş Ştatları, Türkiyə
Respublikası, Ukrayna, İsveçrə Konfederasiyası,
Estoniya Respublikası və Avropa Komissiyası.