Azərbaycan, Bakı, 27 yanvar/ Trend / Rusiyanın "Qazprom" şirkətinin dəstəklədiyi "Şimal axını" və "Cənub axını" boru kəmərlərinin çəkilişi "Nabukko" layihəsinə birbaşa təhdiddir. Belə ki, bu kəmərlər Avropanı potensial yeni qaz tədarükü mənbələrindən məhrum edir, - Avropa İttifaqına sədrlik edən Çexiyanın Baş naziri Mirek Topolanek bildirib. O, çərşənbə axşamı Budapeştdə belə bəyanatla çıxış edib. Budapeştdə Avropanın Rusiya qazından asılılığını azaltmaq üçün nəzərdə tutulmuş alternativ "Nabukko" qaz kəməri layihəsi üzrə konfrans keçirilir, - RBK xəbər verir.
Çexiyanın Baş naziri izah edib ki, RF və Ukrayna arasında Avropanı iki həftə ərzində Rusiya qazından məhrum etmiş sonuncu qaz münaqişəsi "Şimal axını" (Baltik dənizinin dibi ilə" və "Cənub axını" qaz kəmərlərinin çəkilişi layihələrinin inkişafına təkan verib, - Reuters xəbər verir. Hər iki qaz kəməri Mərkəzi Avropa ölkələri və Ukraynadan yan keçir, lakin bu zaman nəinki Avropanın Rusiyanın qaz tədarüklərindən asılılığını azaldır, əksinə, hətta onu artırır, - Topolanek vurğulayıb.
Baş nazir Aİ-ni "Nabukko" layihəsini bütünlüklə dəstəkləməyə çağırıb. Bununla yanaşı, Çexiya hökumətinin rəhbəri "Nabukko"nun anti-Rusiya layihəsi olmadığını vurğulayıb.
Öz növbəsində Avropa Komissiyasının sədri Joze Manuel Barrozu Aİ-nin icra orqanının "Nabukko" qaz kəməri layihəsini dəstəklədiyini təsdiq edib. Onun sözlərinə görə, Avropa İttifaqı və ona qonşu ölkələr hələ də qaz tədarükləri baxımından son dərəcə zəifdirlər və bu tədarükləri diversifikasiya etmək lazımdır.
Dəyəri 12,4 mlrd. dollar olan "Nabukko" qaz kəmərinin çəkilişi 2011 - ci ilə təyin edilib. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir. Layihənin ümumi dəyərinin təxminən 30 faizi Nabucco Gas Pipeline International-ın səhmdarları tərəfindən ödəniləcək, qalan 70 faizi isə, kreditorların hesabına maliyyələşdiriləcək.
Rusiya və Almaniya arasında "Şimal axını" qaz kəməri Baltik dənizinin dibi ilə keçəcək.
Onun tikintisi barədə saziş 2005 - ci il sentyabrın əvvəlində - Rusiya prezidenti Vladimir Putinin Almaniyaya səfəri zamanı imzalanıb. Uzunluğu 1200 km olan "Şimal axını" Vıborqdan (Leninqrad əyaləti) Qrayfsvaldadək (AFR) keçəcək. Bundan başqa, Kalininqrad əyalətinin qaz təchizatı üçün qolun çəkilməsi imkanları nəzərdən keçirilir.
"Cənub axını" layihəsi Avropaya yeni qaz tədarükü marşrutunun yaradılmasını nəzərdə tutur. Onu İtaliyanın ENİ və Rusiyanın "Qazprom" şirkətləri həyata keçirir. Bu şirkətlər 2007 - ci il iyunun 23 - də dəniz qaz kəmərinin çəkilişi barədə saziş imzalayıblar. "Cənub axını"nın dəniz hissəsinin Qara dənizin dibi ilə, Rusiya sahilindən ("Bereqovaya" kompressor stansiyası) Bolqarıstan sahilinədək keçəcəyi planlaşdırılır. Qaz kəmərinin Qara dəniz hissəsinin ümumi uzunluğu təxminən 900 km, maksimal dərinliyi 2000 metrdən çox olacaq. Layihə gücü - təxminən 30 mlrd. kubmetr.