...

İran Azərbaycanın "Şahdəniz" yatağından qaz almaq niyyətində olduğunu bildirib

Energetika Materials 14 Aprel 2009 11:02 (UTC +04:00)
İran Azərbaycanın "Şahdəniz" yatağından qaz almaq niyyətində olduğunu bildirib

Azərbaycan, Bakı, 13 aprel / Trend /

İran Azərbaycanın "Şahdəniz" yatağının işlənmə layihəsinin ikinci mərhələsində hasil ediləcək qazı almaq niyyətində olduğunu bildirib. Bu barədə İranın SHANA xəbər agentliyi İranın Milli Qaz İxracat şirkətinin mühəndis bölməsinin direktoru Rəsul Səlmaniyə istinadən xəbər verib.

"Biz bu qazı almaq istəyirik və ümid edirik ki, hər iki ölkə bu məsələdə razılığa gələcək", - deyə Səlmani bildirib.  

SOCAR şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev əvvəllər bildirib ki, Azərbaycan "Şahdəniz"in istismarı üzrə ikinci mərhələ çərçivəsində əldə olunacaq qazını özünə sərf edən qiymətlə satmaq niyyətindədir.  

"Biz öz qazımızı yaxşı qiymətlərlə satmaq məqsədi ilə hər bir boru kəmərinə üstünlük veririk, bütün variantların kommersiya şərtlərini nəzərdən keçiririk", - deyə "Şahdəniz" yatağının istismarında iştirak payına malik olan SOCAR şirkətinin rəhbəri bildirib.

Abdullayev bildirib ki, SOCAR "Şahdəniz" layihəsi üzrə tərəfdaşların 2009-cu ildə uzunmüddətli müqavilələr imzalamaq üçün marketinq araşdırmaları aparırlar.

StatoilHydro Azerbaijan şirkətinin prezidenti Kristian Hausken hesab edir ki, "Şahdəniz"in işlənməsi üzrə tərəfdaşlara daha yaxşı iqtisadi nəticə əldə etmək üçün layihənin ikinci mərhələsi çərçivəsində daha cəlbedici satış bazarının seçilməsi mühümdür. StatoilHydro "Şahdəniz" layihəsinin birinci mərhələsi çərçivəsində qazın marketinqi ilə məşğul olan Azerbaijan gas supply company-yə operatorluq edir.

"Biz qazın gedə biləcəyi bütün istiqamətləri və onların potensial gəlirliliyini nəzərdən keçiririk. Qaz marşrutları Cənubi Qafqaz boru kəməri ilə qərbdə Türikyəyə, şimalda Rusiyaya və ya cənubda İrana gedə bilər", - Hausken bildirib. 

"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzlanıb. Layihə iştirakçıları bunlardır: BP (operator) - 25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO- 9 faiz, SOCAR - 10 faiz.

Bu yataqda qaz hasilatına 2006-cı ilin dekabrında başlanıb. Hazırda qaz Cənubi Qafqaz boru kəməri ilə Türkiyə və Gürcüstana nəql olunur. "Şahdəniz"dən orta sutkalıq hasilat 22-24 mln. kubmetr təşkil edir. Bu il birinci mərhələ çərçivəsində bu yataqdan 9 mlrd. kubmetrdən çox qazın hasil edilməsi planlaşdırılır.

"Şahdəniz"in işlənməsi üzrə layihənin ikinci mərhələsinə 2012-ci ildə başlanması planlaşdırılır. Ümumilikdə, ikinci faza çərçivəsində ildə 20 mlrd. kubmetrədək qazın hasil edilməsi planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti