...

Caspian Oil and Gas sərgisində 30 ölkədən 400 şirkətin iştirakı gözlənilir

Energetika Materials 27 Aprel 2009 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel / Trend /

Xəzər regionunun neft və qaz sahəsində ən mühüm hadisə - ənənəvi "Caspian Oil & Gas"-"Xəzər Neft, Qaz, Neftayırma və Neftkimyası" adlı 16-cı Beynəlxalq Sərgi və Konfrans 2-5 iyun tarixlərində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçiriləcək. Sözügedən sərgi və konfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında keçiriləcək.

Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) bu layihəyə rəsmi dəstəyi təmin edəcəklər. Böyük Britaniyanın "ITE Group" və onun Qafqazdakı tərəfdaşı "Iteca Caspian" şirkəti Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə birgə sərginin təşkilatçıları qismində çıxış edirlər.

Bu il sərgiyə 30 ölkədən 400 şirkətin qatılacağı gözlənilir. Azərbaycan bazarına ilk dəfə qədəm qoyan çoxsaylı yeni şirkətlərin sərgidə iştirak etməsi diqqəti cəlb edən faktlardan biridir. Yeni şirkətlər sərginin ümumi ekspozisiya sahəsinin 20 faizini tutacaqlar. Ekspozisiya sahəsinin 40 faizi isə dünya şöhrətli şirkətlər tərəfindən tutulacaq. Onların arasında SOCAR (ARDNŞ), BP, Itochu, OMV Gas International GmbH, StatoilHydro ASA, Total, TPAO və digər şirkətlər olacaq.

Ənənəvi olaraq, bu il Rusiya, Çin və Almaniyanın milli qrupları təqdim olunacaq. Bu il ilk dəfə olaraq Belçikanın milli stendi nümayiş etdiriləcək.

Artıq bu gün "Xəzər Neft və Qaz" sərgisinin iştirakçıları qismində dünyanın 22 ölkəsinin 250-dən çox şirkəti qeydiyyata alınıb. Bu ölkələrin siyahısına Avstriya, Böyük Britaniya, Almaniya, Gürcüstan, Hindistan, İran, İtaliya, Qazaxıstan, Norveç, BƏƏ, Rusiya, ABŞ, Türkiyə, Çexiya, Ukrayna, Fransa, İsveçrə, Yaponiya və digər ölkələrin adları daxildir.

"Neft və Qaz, Xəzərin Neft Emalı və Neft Kimyası" 16-cı Beynəlxalq Konfrans 3-4 iyun tarixlərində "Hyatt Regency" otelinin konfrans mərkəzində keçiriləcək. Sözügedən konfransa dünyanın 30-dan çox ölkəsinin 500-dən artıq nümayəndəsinin qatılacağı gözlənilir. Dəvət olunmuş spikerlər arasında Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan, İran, İtaliya, Yunanıstan və digər ölkələrin sənaye nazirləri, habelə Beynəlxalq və Avropa Enerji Agentliklərinin nümayəndələri var. 

Konfrans proqramı Azərbaycan neft və qazının nəqli üzrə alternativ təkliflər, eləcə də Xəzərin enerji resurslarının dünya bazarına çıxarılması üzrə magistralların perspektivləri kimi məsələlərə toxunacaq. Xəzər dənizinin Azərbaycan hissəsində kəşfiyyat və hasilat perspektivlərinə, Azərbaycanın neft və qaz sektorlarına investisiya qoyuluşları kimi mövzulara da xüsusi yer ayrılacaq.

Azərbaycan neft və qaz təchizatçısı kimi Avropa üçün mühüm əhəmiyyət kəsb edir. Konfransın ikinci günü bütünlükdə Avropanın Enerji Təminatının Diversifikasiyası kimi mövzuların müzakirəsinə həsr olunacaq.

Xəbər lenti

Xəbər lenti