Azərbaycan, Bakı, 19 may / Trend /
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Aeroport kəsişməsində yol qovşağının, Heydər Əliyev adına Beynəlxalq hava limanı - Bilgəh qəsəbəsi avtomobil yolunun və piyada keçidlərinin tikintisi ilə tanış olub.
Dövlət başçısı tikinti işlərinin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi üzrə tapşırıq və tövsiyyələrini verib.
Yolun tikintisi Azərbaycanın Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin sifarişi ilə həyata keçirilir. Tikintinin baş podratçısı isə "AZVİRT" MMC şirkətidir.
Avtomobil yolunun ümumi uzunluğu 19 kilometrdir. Əsas yolda 6, köməkçi yolda isə 2 hərəkət zolağı var. Hərəkət zolaqlarının eni 3,75 metrdir. Asfalt-beton örtüklü yolun ümumi sahəsi 822 min kvadratmetr, asfalt-beton örtüyünün qalınlığı isə 27 santimetrə bərabər olacaq. Yoldakı hərəkətin idarə olunması məqsədilə çoxsəviyyəli yol kəsişməsi və yerüstü yol keçidinin tikintisi planlaşdırılır. Yolun tikintisini 20 ay ərzində başa çatdırmaq planlaşdırılır.
Bundan sonra dövlətimizin başçısı əvvəllər "Binə" və "Sədərək" ticarət mərkəzlərinin yerləşdiyi əraziyə gəlib. İlham Əliyev burada aparılan abadlıq və quruculuq işlərinin gedişi ilə tanış olub, bərpa işlərinin ən yüksək səviyyədə aparılması ilə bağlı müvafiq tapşırıqlarını verib.