...

Avropa İranın "Nabukko" boru kəməri ilə qaz ixrac etməyə hazır olmasına şübhə edir

Energetika Materials 6 Oktyabr 2009 14:29 (UTC +04:00)
Avropanın boru kəməri layihəsinin həyata keçirilməsi üzrə tərəfdaşları İranın "Nabukko" ilə qaz ixrac etməyə hazır olmasına şübhə edir.
Avropa İranın "Nabukko" boru kəməri ilə qaz ixrac etməyə hazır olmasına şübhə edir

Azərbaycan, Bakı, 06 oktyabr / Trend , müxbir A.Bədəlova/

Avropanın boru kəməri layihəsinin həyata keçirilməsi üzrə tərəfdaşları İranın "Nabukko" ilə qaz ixrac etməyə hazır olmasına şübhə edir.

Macarıstanın "Nabukko" layihəsi üzrə xüsusi nümayəndəsi Mixay Bayer (Mihály Bayer) bildirib ki, prinsip etibarı ilə "Nabukko" İran qazını ixrac edə bilər, lakin məsələ İranın öz qazını nəql edə bilib-bilməyəcəyindən və bu layihə üçün qaz tədarükçüsü olmağa gücünün olub-olmamasından ibarətdir".

Onun sözlərinə əsasən, İran daxili bazarda qaz tələbatının ödənilməsi ilə bağlı problemlə üzləşir.

BP-nin məlumatlarına əsasən, İranda 1998-ci ildə olan 51,8 milyard kubmetrə nisbətdə 2008-ci ildə qaz tələbatı 117,6 milyard kubmetr qaz təşkil edib.

"Bu gün İranda vəziyyət belədir ki, siyasi ab-hava beynəlxalq şirkətlərə bu ölkənin yataqlarının işlənməsində iştirak etməyə imkan vermir", - Bayer çərşənbə axşamı Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində çıxış edərkən bildirib.

Macarıstanın layihə üzrə xüsusi nümayəndəsinin sözlərinə əsasən, "Nabukko" üçün ilk qaz Azərbaycan və İraqdan gözlənilir, ikinci mərhələdə Türkmənistan qazının qoşulması da planlaşdırılır.

"Azərbaycan Aİ üçün vacib tərəfdaş olacaq, hər zaman Avropaya etibarlı qaz tədarükçüsü olacaq. "Nabukko" layihəsi Azərbaycana əhəmiyyətli dərəcədə xeyir gətirəcək", - Bayer bildirib.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" kəməri ilə Xəzər regionu və Yaxın Şərqdən Aİ ölkələrinə qazın ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir.

Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Layihənin ümumi dəyərinin təxminən 30 faizi layihədə iştirak payı əsasında Nabucco Gas Pipeline International-ın səhmdarları tərəfindən ödəniləcək, qalan 70 faizi isə kreditorların hesabına maliyyələşdiriləcək.

Xəbər lenti

Xəbər lenti