...

Növbəti 15 ildə Azərbaycan Dövlət Neft Fonduna 200 milyard dollara yaxın vəsait daxil olacaq

Energetika Materials 10 Mart 2010 17:21 (UTC +04:00)

Böyük Britaniya, London, 10 mart / Trend , müxbir N.İsmayılova/

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) qarşıdakı 15 ildə 200 milyard dollara yaxın vəsait əldə edəcəyini planlaşdırır. Bunu fondun direktoru Şahmar Mövsümov "Böyük Britaniya Azərbaycanda" ticarət-investisiya forumundakı çıxışında deyib. Martın 8-də Londonda keçirilmiş forum Yaxın Şərq Assosiasiyası və Azərbaycan Beynəlxalq Bankı tərəfindən təşkil olunub.

"Qarşıdakı 15 ildə ARDNF cari qiymətlərlə 200 milyard dollara yaxın vəsait əldə etmək niyyətindədir və bizim növbəti illərdə daha riskli aktivlərə vəsaitlərin diversifikasiyası üzrə planlarımız var, lakin fondun ən mühüm vəsait qoyuluşlarından biri təhsildir", - Mövsümov bildirib.

Onun sözlərinə görə, hazırda fond xüsusi təhsil proqramını maliyyələşdirir. Bu proqram Azərbaycan vətəndaşlarının fondun vəsaitləri hesabına dünyanın ən yaxşı universitetlərində təhsil almalarına imkan yaradır.

"Hesab edirik ki, təhsil iqtisadiyyatın diversifikasiyası zamanı əsas sahədir. Azərbaycanın ən çox bilik və bacarıqlara ehtiyacı var", - Mövsümov deyib.

Onun sözlərinə görə, Böyük Britaniya öz şirkətlərinin bilik və bacarıqlarının təqdim olunması yolu ilə Azərbaycan iqtisadiyyatının diversifikasiyasına yardım göstərə bilər.

"Bu gün Azərbaycan xalis kapital ixracçısıdır. O, bilik və bacarıq idxalçısı olacaq", - ARDNF rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti