...

Azərbaycan qazının Rumıniyaya tədarükü Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq – Rumıniyanın iqtisadiyyat naziri

Energetika Materials 13 Aprel 2010 20:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel /Trend/

"Azerbaijan-Georgia-Romania Interconnector" (AGRI) layihəsi təkcə Azərbaycan, Rumıniya və Gürcüstanın deyil, eyni zamanda, bütün Avropanın, xüsusilə də Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq. Bunu Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti naziri Adrian Videanu "Maye qaz və onun nəqli sahəsində əməkdaşlıq haqqında" qarşılıqlı anlaşmaya dair memorandumun imzalanmasının yekunu üzrə təşkil edilən mətbuat konfransında deyib.

Layihə Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahillərində qaz kəmərləri vasitəsilə nəqlini və orada xüsusi terminalda mayeləşdirilməsi və bundan sonra tankerlərlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılmasını nəzərdə tutur. Sonra maye qaz təbii qaz halına salınacaq və ölkə ərazisində mövcud olan qaz infrastrukturlarından istifadə etməklə Rumıniya və digər Avropa ölkələrinin tələbatının təmin edilməsinə yönəldiləcək.

Bu gün Buxarestdə Azərbaycan, Gürcüstan və Rumıniya arasında maye qaz və onun nəqli sahəsində əməkdaşlığa dair qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb. Sənədi Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti naziri Adrian Videanu və Gürcüstanın energetika naziri Aleksandr Xetaquri imzalayıb.

Memoranduma əsasən, tərəflər "Cənub dəhlizi" çərçivəsində Xəzər regionu və Avropanı birləşdirən energetika tranziti dəhlizinin inkişafına dair niyyətlərini bildiriblər, qaz ticarəti və Rumıniyanın yeraltı qazsaxlama anbarlarından istifadə, həmçinin energetika sahəsində fəaliyyət göstərən müvafiq strukturlar arasındakı əməkdaşlığın genişləndirilməsi imkanlarının araşdırılmasına dair qərar qəbul edilib. "Azerbaijan-Georgia-Romania Interconnector" layihəsinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması və texniki, texnoloji, maliyyə və hüquqi aspektlərinin müəyyən edilməsi məqsədilə Buxarestdə şirkət yaratmağa dair Rumıniya tərəfindən qərar qəbul edilib.

Mətbuat konfransı zamanı Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib ki, bu, Qara dənizə maye qaz tədarük edən ilk layihə olacaq. Onun sözlərinə görə, layihə Cənub-Şərqi Avropa üçün mühüm əhəmiyyətə malik olacaq və bu, layihənin bütün iştirakçı ölkələrinin mənbələrinin, marşrutlarının və energetika maraqlarının diversifikasiyasına yardım edəcək.

Əliyev bu layihənin Avropanın enerji təhlükəsizliyinin təmininə xidmət edəcək layihələrdən biri olacağına ümidvar olduğunu bildirib.

O deyib ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyyatı 2 trilyon kubmetri ötür və əgər hazırkı hasilat həcmi əsas götürülsə, o zaman həmin ehtiyatlar ölkənin tələbatını 100 il ödəməyə kifayət edər. Nazir qaz hasilatının əlavə mənbələrinin kəşfiyyatı imkanlarını istisna etməyib. Əliyev həmçinin qeyd edib ki, Azərbaycan və Rumıniya arasında neft nəqli sahəsində gələcək əməkdaşlığın imkanları və Panavropa layihəsi çərçivəsində əməkdaşlıq nəzərdən keçirilir.

Gürcüstanın energetika naziri Aleksandr Xetaquri bildirib ki, Gürcüstan "Bakı-Tbilisi-Ceyhan" və "Bakı-Tbilisi-Ərzurum" layihələrinin həyata keçirilməsində mühüm rol oynayır. O, ölkəsinin AGRI layihəsinin həyata keçirilməsində etibarlı tərəfdaş olacağına əminliyini bildirib.

Xəbər lenti

Xəbər lenti