Türkmənistan, Aşqabad, 16 aprel /Trend, müxbir H.Həsənov/
ABŞ təbii qazın Xəzər regionundan Avropaya nəqlini nəzərdə tutan "Cənub dəhlizi"nin açılmasını dəstəkləyir. Bunu Aşqabadda ABŞ Dövlət Departamentinin Avrasiya energetika məsələləri üzrə xüsusi səfirinin baş müşaviri Daniel Steyn deyib.
Bu barədə onun Türkmənistanın paytaxtında keçirilən birinci beynəlxalq qaz konqresində yayılmış məruzəsində bildirilir.
"Bu dəhliz "Nabucco" və İtaliya - Türkiyə - Yunanıstan birləşməsini (ITGI) əhatə edə bilər. Onların hər ikisi qaz mənbələrinin diversifikasiyası və Avropaya yeni nəql marşrutlarının açılması üçün strateji baxımdan mühümdür", - amerikalı diplomat qeyd edir.
Onun fikrincə, "Cənub dəhlizi" Qafqaz və Mərkəsi Asiya ölkələrinə kommersiya baxımından fayda verə bilər və Avropa ilə ümumi maraqlara əsaslanmış uzunmüddətli tərəfdaşlıq yarada bilər.
"Cənub dəhlizi" Avropa İttifaqı üçün prioritet enerji layihələrindın biridir. Bu, marşrutların və enerji nəqli mənbələrinin diversifikasiya olunmasına və bununla da Avropa ölkələrinin enerji təhlükəsizliyinin artırılmasına yönəlib.
"Cənub dəhlizi" çərçivəsində Avropa İttifaqı üçün prioritet layihə "Nabucco" qaz kəmərinin inşası layihəsidir. Bu layihə qazın Xəzər regionundan və Yaxın Şərqdən Aİ ölkələrinə nəqlini nəzərdə tutur.