Azərbaycan, Bakı, 22 aprel /Trend/
Azərbaycan yeraltı qaz anbarlarına qaz vurulmasına başlayıb. Hazırda qaz vurulmasının həcmi yeddi milyon kubmetr təşkil edir. Lakin yaxın günlərdə bu göstərici artacaq. Bunu cümə axşamı neft-qaz bazarındakı mənbə bildirib.
Bu il ərzində Azərbaycanın yeraltı qaz anbarlarına qaz vurulmasının həcmi 2009-cu ildə olduğu iki milyard dollar həcmindən üç milyard dollara kimi artacaq.
Hazırda yeraltı qaz anbarlarında qazın saxlanmasının aktiv həcminin artırılması üzrə böyük iş aparılır. Bundan əlavə, keçən ildən anbarlarda bir milyard kubmetrə yaxın qaz qalıb ki, bu da ötən il vurulub.
Payız-qış dövründə istifadə olunması üçün Azərbaycanın yeraltı qaz anbarlarına qaz vurulmasına, adətən, aprelin 15-dən başlanılır və oktyabrın 15-dək davam edir.
Hazırda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bu obyektin qazsaxlama həcminin genişləndirilməsi layihəsi çərçivəsində Qalmaz yeraltı qaz anbarında iki quyunun qazılmasını həyata keçirir.
Bu işlər yataqda qaz saxlanılmasının aktiv həcminin 1,2 milyard kubmetrdən 2,4 milyard kubmetrə kimi artırılması çərçivəsində aparılır.
Hazırda respublikada iki yeraltı qaz anbarı - Qaradağ və Qalmaz fəaliyyət göstərir.
Ötən il ARDNŞ ölkənin yeraltı qaz anbarlarına rekord həcmdə - iki milyard kubmetrə yaxın qaz vurub. 2008-ci ildə bu göstərici 1,4 milyard kubmetr təşkil edib. Keçən il Qalmaz yeraltı qaz anbarına 1,16 milyard kubmetrə yaxın, Qaradağ anbarına isə 795,3 milyon kubmetrdən çox qaz vurulub.