Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir A.Axundov/
"Cənub qaz dəhlizi" Norveçdən "Şimal dəhlizi"ndən, Rusiyadan "Şərq dəhlizi"ndən və Afrikadan "Aralıq dənizi dəhlizi"ndən sonra Avropa İttifaqına qaz idxalı üzrə ən iri marşrutlarından biri olacaq. Avropa İttifaqı nir neçə qaz idxalı marşrutunun olmasını effektiv hesab edir. Çünki "mənbələrin şaxələndirilməsi bir qayda olaraq, rəqabəti gücləndirir və beləliklə, bazarın inkişafına yardım edir, təchizatın etibarlılığını təmin edir".
Çərşənbə günü Aİ-nin rəsmi saytında yerləşdirilən "Enerji infrastrukturlarının prioritetləri- 2020" adlı məruzədə bir neçə qaz idxalı marşrutunun mövcudluğunun mühüm əhəmiyyəti qeyd olunur. Çünki "2009-cu ilin yanvarındakı qaz böhranı yalnız bir idxal mənbəyinə malik olan ölkələrin daha çox əziyyət çəkdiyini göstərdi".
Sənəddə qeyd olunur ki, "Cənub dəhlizi"nin reallaşdırılması Aİ-nin bir sıra ölkələri arasında sıx əməkdaşlıq tələb edir, ona görə ki, ayrılıqda heç bir ölkənin dəhliz çərçivəsində boru kəmərinin tikintisinə qoyulan investisiyaları əsaslandıra biləcək qaza artan tələbatı yoxdur.
"Ona görə də, Aİ şaxələndirməyə yardım etməli və Aİ üzvü olan ölkələrin və şirkətlərin kritik kütlə əldə etmələri üçün birləşdirilməsi yolu ilə ixracın etibarlılığını təmin etməlidir. Bu, Aİ-nin "Cənub qaz dəhlizi" üzrə əsas prinsipidir", - məruzədə bildirilir.
"Cənub dəhlizi"nin məqsədi Avropanın qaz bazarlarını ehtiyatları 90,6 trilyon kubmetr həcmində qiymətlədirilən, dünyadakı ən iri qaz yatağı olan Xəzər-Mərkəzi Asiya hövzəsi ilə birbaşa birləşdirməkdir.
"Əsas potensial tədarükçü ölkələr - Azərbaycan, Türkmənistan və İraqdır. Əsas tranzit ölkə isə Türkiyədir. Qara dəniz və Şərqi Aralıq dənizindən də digər tranzit yollar mövcuddur", - sənəddə bildirilir.
Aİ qeyd edir ki, "Cənub dəhlizi"nin strateji məqsədi Aİ-nin 2020-ci ilədək qaza olan tələbatının 10-20 faizini təmin etməkdir ki, bu da təxminən ildə 45-90 milyard kubmetr qaz deməkdir.