Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir E.İsmayılov/
Bolqarıstan Azərbaycan ilə bir milyard kubmetr qazın nəqli barədə layihənin gerçəkləşdirilməsini sürətləndirməyi təklif edir. Trend-in məlumatına görə, bu barədə Bolqarıstan Prezidenti Georgi Pırvanovun yerli KİV-də yayılmış məqaləsində deyilir.
Tərəflər 2009-cu ilin noyabrında bir milyard kubmetr Azərbaycan qazının nəqli üzrə qarşılıqlı anlaşma haqqında memorandum imzalayıblar.
Həmçinin Pırvanov Türkiyə və Yunanıstan qaz sistemlərini birləşdirən boru kəmərlərinin inşası və sıxılmış qazın Qara dəniz akvatoriyası vasitəsilə nəqli üçün strateji layihələr, Bolqarıstanın cənub qonşuları ilə maye qaz terminalının inşası məsələsi üzrə işlərin sürətləndirilməsi və dərinləşdirilməsinin vacibliyini qeyd edib.
"Bu kontekstdə Bolqarıstan sıxılmış və maye qazın "Nabukko" layihəsinin gerçəkləşməsi çətinləşdiyi təqdirdə Avropanın enerji təhlükəsizliyi üçün həllər qismində verilməsi üçün imkanların uyğunlaşdırılmasını təklif edə bilər", - o, deyib.
"Energetika diplomatiyamızı inkişaf etdirməliyik", - Pırvanov əlavə edib.
Sentyabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Azərbaycandan maye qazın Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya nəqlini nəzərdə tutan Azerbaijan-Georgia-Romanian Interconnector (AGRI), layihəsi üzrə Bakı Bəyannaməsi imzalanıb. Azərbaycan və Bolqarıstan arasında sıxılmış qazın Qara dəniz vasitəsilə nəqli məsələsi hazırlanır.
AGRI layihəsinin gücü üç variantda nəzərdə tutulur - ildə iki milyard kubmetr qaz, beş milyard kubmetr və səkkiz milyard kubmetr. İlkin məlumatlara görə, layihənin gücündən asılı olaraq, onun dəyəri 1,2 milyardla 4,5 milyard avro arasında dövr edir.
Layihə Azərbaycan qazının Gürcüstan Qara dəniz sahilində qaz kəməri vasitəsilə Azərbaycan qazının nəqlini nəzərdə tutur ki, burada qaz xüsusi terminalda sıxılacaq və mayeləşdiriləcək və bundan sonra tankerlər vasitəsilə Avropanın qara dəniz sahili ölkələrinin terminalına nəql olunacaq.
Bundan sonra qaz təbii halda gətiriləcək və bu ölkələrin ərazisində qaz infrastrukturundan istifadə ilə onların və eləcə də digər Avropa ölkələrinin tələbatını ödəməyə istiqamətlənəcək.