...

Avropa Azərbaycandan enerji resurslarının nəqlində maraqlıdır – Svante Kornell

Energetika Materials 24 Fevral 2011 10:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir E.Tariverdiyeva/

Avropa öz enerji təhlükəsilziyinin təmin olunmasında çox maraqlıdır və bunun üçün xüsusilə son geosiyasi dəyişikliklər fonunda mümkün olan hər şeyi edir. Bu barədə Trend-ə Con Hopkins Universitetinin Orta Asiya və Qafqaz İnstitutunun direktoru Svante Kornell bildirib.

"Bu gün Yaxın Şərqdəki böhran nəzərə alınmaqla Avropanın enerji təhlükəsizliyi ilə bağlı vəziyyət sual altındadır", - Trend-in Ekspert Şurasının üzvü Kornell bildirib.

Liviyadakı hadisələrlə bağlı Avropa üçün strateji enerji tədarükü pozulub. Liviyada karbohidrogen xammalının hasilatı üzrə lider olan İtaliyanın "Eni" energetika şirkəti Liviya qazını İtaliyaya nəql edən "Green Stream" qaz kəmərini bağlamaq barədə qərar qəbul edib. Bu barədə İtaliya KİV-i vəziyyətlə tanış olan mənbəyə istinadən bildirib.

Apennin "Green Stream" qaz kəməri ilə bu Şimali Afrika ölkəsindən ildə 9,2 milyard kubmetrə yaxın qaz alır. "RİA Novosti" yazır ki, mənbələrin məlumatına görə, qaz kəməri ilə nəqlin müvəqqəti dayandırılması barədə qərar təhlükəsizlik məqsədilə qəbul edilib.

Liviya əyalətlərində ölkəni 42 ildir idarə edən Müəmmər Qəddafinin istefası ilə bağlı aksiyalar fevralın 15-dən davam edir. Hüquq müdafiəsi təşkilatı "Human Rights Watch"un məlumatına görə, bu günlər ərzində nümayişçilərin qanun keşikçiləri ilə toqquşmaları nəticəsində azı 500 nəfər həlak olub , 4 min nəfər yaralanıb. Rəsmi hakimiyyət insanların kütləvi şəkildə qətlə yetirilməsi ilə bağlı məlumatları təkzib edir.

Beynəlxalq enerji şirkətləri öz əməkdaşlarını bu ölkədən təxliyə edirlər. Artıq Britaniyanın BP, İtaliyanın "Eni", Fransanın "Total", Norveçin "Statoil" və İngiltərə-Hollandiya konserni "Shell", Rusiyanın "Qazprom" şirkətləri bu addımı atıb.

Kornellin sözlərinə görə, Yaxın Şərqdə vəziyyət çox gərgindir və region ölkələrində xalqın və hakimiyyətin qarşıdurmasının nə qədər davam edəcəyi məlum deyil.

Onun sözlərinə görə, yaxın gələcəkdə bu regionun geosiyasi xəritəsinin də necə olacağını qabaqcadan söyləmək mümkün deyil.

"Ona görə də bu gün enerji təhlükəsizliyinin təmin olunması məsələsi Avropa üçün birinci dərəcəlidir", - o, deyib.

İqtisadi böhranı nəzərə alaraq, Avropa böyük enerji layihələrinə diqqət ayırmır, lakin ekspert hesab edir ki, böhrandan çıxmağa başlayan kimi vəziyyət dəyişməlidir.

"İndi Avropa üçün Xəzər regionundan, eləcə də Azərbaycandan enerji resurslarının tədarükünü təmin etmək çox vacibdir və həm də bunun məhz "Nabukko" layihəsi ilə həyata keçirilməsi də vacib deyil", - Kornell deyib.

"Nabukko" öz-özlüyündə çoxlu sərmayələr tələb edən çox böyük layihədir və o, hesab edir ki, bu gün avropalı sərmayədarlar Xəzər regionundan Avropaya enerji resurslarının nəqli üzrə daha kiçik miqyaslı layihələri subsidiyalaşdırmağa üstünlük verirlər.

"Burada məqsəd var, belə layihələr Xəzər regionundan qazın Avropaya nəqlinin sınaq variantı ola bilər və o marşrutun bütün mənfi və müsbət tərəflərini aşkara çıxara bilər", - Kornell deyib.

"Nabukko" qaz kəməri layihəsi Xəzər regionundan və Yaxın Şərqdən Aİ ölkələrinə qaz nəqlini nəzərdə tutur. Uzunluğu 3300 kilometr olan boru kəmərinin maksimal gücü ildə 31 milyard kubmetr qaz təşkil edəcək. "Nabukko" qaz kəmərinin səhmdarları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin BOTAŞ və Almaniyanın RWE şirkətləridir. Onların hər biri 16,67 faizlik bərabər paya malikdirlər.

Layihə üzrə əsas qaz tədarükçüləri Azərbaycan, İraq, Türkmənistan nəzərdə tutulur.

Qaz kəmərinin çəkilişi 2012-ci ilə təyin edilib. İlk tədarüklərə 2015-ci ildə start veriləcək.

Xəbər lenti

Xəbər lenti