...

OPEK 2011-ci ildə Azərbaycanda neft hasilatının artacağını gözləyir

Energetika Materials 14 Mart 2011 20:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir A.Bədəlova/

2011-ci ildə Azərbaycanda neft hasilatı sutkada 30 min bareldən 1,1 milyon barelədək artacaq. Belə proqnozlar OPEK-in neft bazarı üzrə mart ayı üçün məruzəsində göstərilir. Bu göstərici OPEK-in ötən ay üçün proqnozlaşdırdığı hasilat həcmindən (sutkada 15 min barel) cüzi azdır.

OPEK-in proqnozlarına görə, gələn il Azərbaycanda hasilatın ən yüksək səviyyəsi birinci rübdə - sutkada 1,11 milyon barel müşahidə ediləcək. İkinci və üçüncü rübdə hasilat sutkada 1,09 milyon barel, dördüncü rübdə isə 1,1 milyon barel təşkil edəcək.

OPEK-in qiymətləndirmələrinə görə, 2010-cu ildə ölkədə neft hasilatı sutkada 1,07 milyon barel təşkil edib.

BP şirkətinin məlumatına görə, 2010-cu ilin əvvəllərində Azərbaycanda sübut edilmiş neft ehtiyatları 7 milyard barel təşkil edib. 2009-cu ildə ölkədə neft hasilatı sutkada 1,033 milyon barel təşkil edib ki, bu da 2008-ci ildəki hasilatın həcmindən 13,5 faiz çoxdur.

Azərbaycanda hasil olunan neftin əsas həcmi "Azəri-Çıraq-Günəşli" dəniz yataqlar blokunun payına düşür. Bu sahədə tərkibində 0,15% kükürd olan (API üzrə 35 dərəcə) Azeri Light yüngül nefti hasil olunur.

"Azəri-Çıraq-Günəşli" layihəsinin iştirakçıları aşağıdakılardır: BP (operator - iştirak payının 34,43 faizi), "Chevron" (11,27 faiz), ARDNŞ (10 faiz), INPEX (10,96 faiz), "Statoil" (8,56 faiz), "ExxonMobil" (8 faiz), TPAO (6,75 faiz), "Itochu" (4,3 faiz), "Delta Hess" (2,72 faiz).

Xəbər lenti

Xəbər lenti