...

İran Dövlət Neftdaşıma Şirkəti 2013-cü ilədək 22 ədəd VLCC tipli tanker alacaq

Energetika Materials 19 Mart 2011 11:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart /Trend müxbir T.Cəfərov/

İranın Dövlət Neftdaşıma Şirkəti (NITC - National Iranian Tanker Co) 2013-cü ilədək tankerlərinin sayını artıracaq. Şirkət 22 ədəd 300 min ton dedveytlik VLCC tipli tanker alacaq. Bunu NITC-in regional məsələlər üzrə direktoru Rəhmət Qarə deyib. Bu barədə Trend İranın /mojnews.com/ saytı məlumat verir.

O, əlavə edib ki, NITC alınan yeni tankerlər sayəsində neftdaşıyan gəmilərinin sayına görə dünyanın böyük şirkətlərindən birinə çevriləcək.

"Beynəlxalq sanksiyalar NITC-in fəaliyyətinə heç bir təsir göstərməyib. Şirkət "Royal Dutch Shell", "Total", "Aramko" və digər şirkətlər tərəfindən istehsal olmuş xam neftin daşınmasını həyata keçirir", - Qarə deyib.

Onun sözlərinə görə, yeni 22 tankerin alınması ilə şirkətin tankerlərinin sayı 74-ə çatacaq. "Hazırda şirkətin balansında 300 min ton dedveytlik 28 ədəd VLCC tankeri var və 2013-cü ilədək onların sayı 50-yə çatacaq", - Qarə qeyd edib.

O, bildirib ki, NITC hazırda ümumilikdə, 43 tankerə sahibdir və xam neftdaşıması üzrə dünyada beşinci yeri tutur.

Şirkət rəsmisi deyib ki, İran 2010-cu ildə 104 milyon ton xam neft daşıyıb ki, bunun da 51 faizi Avropa istiqamətində olub.

Xəbər lenti

Xəbər lenti