...

ARDNŞ prezidenti "Xəzər Neft və Qaz 2011" sərgisi çərçivəsində görüşlər keçirib

Energetika Materials 7 İyun 2011 18:56 (UTC +04:00)
ARDNŞ prezidenti Rövnəq Abdullayev XVIII Beynəlxalq "Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası 2011" sərgi-konfransında iştirak etmək üçün Bakıda səfərdə olan Gürcüstanın energetika və təbii sərvətlər naziri Aleksandr Xetaquri, ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar və Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Öttingerlə görüşüb.
ARDNŞ prezidenti "Xəzər Neft və Qaz 2011" sərgisi çərçivəsində görüşlər keçirib

Azərbaycan, Bakı, 7 iyun /Trend/

ARDNŞ prezidenti Rövnəq Abdullayev XVIII Beynəlxalq "Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası 2011" sərgi-konfransında iştirak etmək üçün Bakıda səfərdə olan Gürcüstanın energetika və təbii sərvətlər naziri Aleksandr Xetaquri, ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar və Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Öttingerlə görüşüb.

Trend-in ARDNŞ-yə istinadən yaydığı məlumata görə, Abdullayev Gürcüstanla Azərbaycan arasında yüksək səviyyəli siyasi, iqtisadi və elmi-mədəni münasibətlərin qurulduğunu söyləyib, bu əməkdaşlığın inkişafına dövlət başçıları səviyyəsində diqqət göstərildiyini xüsusi qeyd edib. Xetaquri bildirib ki, ARDNŞ Gürcüstanın qaz bazarında da aktiv fəaliyyət göstərir.

Görüşdə mayeləşdirilmiş Azərbaycan qazının Gürcüstan üzərindən Rumıniyaya nəqlini nəzərdə tutan AGRI layihəsi üzrə görülən işlər haqqında fikir mübadiləsi aparılıb.

Riçard Morninqstarla görüşən Rövnəq Abdullayev Azərbaycanla ABŞ arasında enerji sahəsində qurulan sıx əməkdaşlıq münasibətlərindən söz açıb. ABŞ neft-qaz şirkətlərinin Azərbaycan enerji sektorunun inkişafına töhfə verdiyini xatırladan ARDNŞ prezidenti Azərbaycanda neft və qaz hasilatında qazanılmış yüksək göstəricilər nəticəsində ölkəmizin Avropa enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətinin getdikcə artmasını vurğulayıb.

ABŞ-Azərbaycan münasibətlərinin bütün sahələrdə, o cümlədən enerji əməkdaşlığı sahəsində sürətlə irəlilədiyini deyən Morninqstar bu münasibətlərin keyfiyyətcə yeni səviyyəyə qədəm qoyması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.

Aİ-nin enerji məsələləri üzrə komissarı Günter Öttingerlə görüşdə ARDNŞ prezidenti Rövnəq Abdullayev Azərbaycan ilə Aİ arasında münasibətlərin, xüsusən enerji sahəsində əməldaşlığın yüksələn xətlə inkişaf etdiyindən məmnun olduğunu bildirib. O, hasil edilən böyük həcmdə təbii qazın ixrac edilməsi üçün təklif edilən bütün layihələrin, o cümlədən Aİ-nin böyük dəstək verdiyi "Nabukko" və TAP layihələrinin də diqqətlə nəzərdən keçirildiyini bildirib.

Aİ-nin Azərbaycana enerji təhlükəsizliyi məsələsi kontekstində etibarlı tərəfdaş kimi yanaşdığını deyən Öttinger bu münasibətlərin hər iki tərəf üçün faydalı olduğunu bildirib. Aİ ilə Azərbaycan arasında enerji əməkdaşlığının, o cümlədən "Cənub enerji dəhlizi" layihəsinin həyata keçirilməsində tərəfdaşlıq münasibətlərinin bundan sonra daha da sürətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Görüşlər Bakı Ekspo Mərkəzində ARDNŞ-nin pavilyonunda keçirilib.

Xəbər lenti

Xəbər lenti