Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir E.İsmayılov/
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bu yaxınlarda "Ümid" qaz-kondensat yatağında ikinci kəşfiyyat quyusunun qazılması çərçivəsində genişmiqyaslı qazma işlərinə başlayacaq. Bu barədə bazar ertəsi ARDNŞ-dəki mənbə bildirib.
"İkinci kəşfiyyat quyusunun qazılması çərçivəsində müəyyən işlərə artıq başlanılıb. İndi genişmiqyaslı qazma işlərinə başlanmasına hazırlıq görülür", - mənbə deyib.
Bir müddət əvvəl ARDNŞ rəhbəri Rövnəq Abdullayevin dediyi kimi, ikinci kəşfiyyat quyusunun qazılması yatağın konturlaşdırılması üçün zəruridir.
İkinci quyunun qazılması zamanı yatağın birinci quyunun qazılması prosesində aşkar edilən bütün xüsusiyyətləri nəzərə alınacaq.
ARDNŞ mütəxəssislərinin qiymətləndirmələrinə görə, yataqda ehtiyatların həcmi 250 milyard kubmetr qaz və 40 milyon ton qaz-kondensat təşkil edir.
Xəzərin Azərbaycan sektorundakı "Ümid" yatağı Bakının 75 kilometrliyində, qurudan 40 kilometr uzaqlıqda yerləşir. Burada 1953-cü ildə ilk dəfə geofiziki işlər aparılıb. Bu işlər 1972-ci ildə daha təkmilləşdirilmiş şəkildə yenidən həyata keçirilib. Daha sonralar, 1977-ci ildən 1992-ci ilədək doqquz quyu qazılsa da, onlardan heç biri nəticə verməyib.