Özbəkistan, Daşkənd, 12 sentyabr /Trend, müxbir D.Əzizov/
"Abşeron" iri qaz yatağının kəşfi Azərbaycanın Avropa ölkələrində stabil karbohidrogen xammalı tədarükçüsü kimi mövqeyini gücləndirəcək. Trend-in məlumatına görə, Özbəkistanda belə hesab edirlər.
Cümə günü Prezident İlham Əliyev Xəzər dənizinin Azərbaycan sektorunda, "Abşeron" blokunda yeni iri qaz yatağının kəşf olunması barədə bildirib.
"Şübhəsiz, Xəzər dənizinin Azərbaycan sektorunda, "Abşeron" blokunda yeni iri qaz ehtiyatlarının kəşfi Azərbaycanın böyük qələbəsidir. Bu, onun təkcə neft ixracatçısı kimi deyil, eləcə də qərb istiqamətində - Avropa ölkələrində potensial qaz ixracatçısı kimi də mövqeyini möhkəmləndirəcək. Bundan əlavə, ölkə öz daxili tələbatını ödəmək üçün daha böyük imkanlar əldə edir", - bazar günü Trend-ə Özbəkistanda neft-qaz sahəsində çalışan xarici şirkətin rəhbərliyindəki mənbə bildirib.
Agentliyin müsahibi xatırladıb ki, Özbəkistan Orta Asiya-Mərkəz və Buxara-Ural qaz kəməri vasitəsilə Avropa ölkələrinə qaz ixrac edir.
Bundan başqa, son illərdə Çin istiqamətində yeni neft və qaz kəmərləri sistemi inkişaf edir. Habelə 2010-cu ilin əvvəlindən Türkmənistan-Özbəkistan-Qazaxıstan-Çin qaz kəmərinin birinci qolu istismara verilib. Hesablamalara görə, ikinci qolun istismara verilməsi ildə 40 milyard kubmetr qaz ixrac etməyə imkan verəcək.
Beynəlxalq ekspertlərin hesablamalarına görə, 2017-ci ilədək Çin özbək qazının tədarükü üçün strateji bazar olacaq.
Bundan əvvəl xəbər verildiyi kimi, Çinin Milli Neft-Qaz Korporasiyası (CNPC) və "Özbəkneftqaz" Milli Holdinq Şirkəti (MHŞ) 2011-ci ilin sonu və 2012-ci ilin əvvəllərində beynəlxalq bazarın cari qiymətləri üzrə özbək qazının tədarükü ilə bağlı "möhkəm" müqavilə imzalamağı planlaşdırır.
2010-cu il iyunun sonunda MHŞ НХК "Özbəkneftqaz" və CNPC arasında ildə 10 milyard kubmetr həcmində təbii qazın alqı-satqısı üzrə çərçivə sazişi imzalanıb. Qaz nəqli 2009-cu ilin dekabrında istismara verilən Orta Asiya-Çin qaz kəməri vasitəsilə həyata keçiriləcək. Çin tərəfinin məlumatına görə, qaz kəmərinin özbək hissəsinin ikinci qolu 2010-cu ilin dekabrında istismara verilib.
Bu ilin aprelində Özbəkistan və Çin qaz kəmərinin özbək hissəsinin növbəti, gücü 25 milyard kubmetr olan üçüncü qolunun tikintisi və istismara verilməsi barədə hökumətlərarası saziş imzalayıblar. Yeni kəmərin çəkilişinin 2014-cü ilədək başa çatdırılması planlaşdırılır.
Özbəkistan təbii qaz hasilatı üzrə MDB-də ikinci yeri tutur və dünyanın iri qaz hasil edən ölkələrinin onluğuna daxildir. Rəsmi statistik məlumatlara görə, Özbəkistanda təbii qaz hasilatı 2010-cu ildə 2,1 faiz azalaraq 60,112 milyard kubmetr təşkil edib.