Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir E.İsmayılov/
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Neftçilər Gününün qeyd olunması çərçivəsində "SOCAR Plus" jurnalının təqdimatını keçirib. Jurnal rüblük çıxacaq.
Yeni nəşrin təqdimatında ARDNŞ prezidenti Rövnəq Abdullayev Azərbaycanın son illər ərzində neft-qaz sənayesindəki nailiyyətlərindən və ARDNŞ-nin regional liderə çevrilməsindən danışıb.
Həmçinin, "ARDNŞ 2010 - təbiətlə harmoniya" adlı yeni kitab da təqdim olunub.
Mərasimdə iştirak edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, ARDNŞ, "Statoil" şirkəti və nazirlik tərəfindən birgə həyata keçirilən "Neft və təsviri incəsənət" layihəsi ölkənin mədəni irsi üçün böyük əhəmiyyət kəsb edir.
Bu layihə XX və XXI əsr müəlliflərinin neft mövzusuna həsr olunmuş əsərlərinin rəqəmləşdirilməsi və onların elektron daşıyıcılara köçürülməsini nəzərdə tutur.
Həmçinin, bu gün Neftçilar Günü münasibətilə Dənizkənarı Milli Parkda ənənəvi xalq gəzintisi təşkil olunub.