...

Azərbaycanda alternativ enerji mənbələri üzrə dövlət strategiyası qəbul edilə bilər

Energetika Materials 1 Dekabr 2011 12:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 dekabr / Trend , müxbir E.İsmayılov /

ATƏT-in əsas məqsədlərindən biri enerji məsələlərinin həllinə cəlb edilmiş tərəflərin dialoqunu dəstəkləmək və enerji təhlükəsizliyini gücləndirməkdir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda "Alternativ və bərpa olunan enerji mənbələri haqqında" qanun layihəsinin müzakirəsinə həsr edilmiş "dəyirmi masa"nın gedişində ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay bildirib.

Onun sözlərinə görə, alternativ enerji mənbələrinin inkişafı enerji sektorunun ətraf mühitə və insanların sağlamlığına mənfi təsirinin qarşısının alınması işinə mühüm töhfədir.

Azərbaycanın Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyinin rəhbəri Akim Bədəlovun tədbirdə dediyi kimi, Azərbaycanın Avropa ölkələri ilə müqayisədə alternativ energetikanı bu yaxınlarda inkişaf etdirməsinə baxmayaraq, bu sahədə ölkə əhəmiyyətli nəticələrə nail olub. Ölkədə alternativ energetikanın inkişafı üçün beş əsas şərtin olması vacibdir. Bunlar 2020-2030 -cu illərdə bu sahədə fəaliyyətin əsas sahələrini inkişaf etdirməyə imkan verəcək dövlət strategiyasının formalaşdırılması; tariflər, subsidiyalar, vergi sahəsində güzəştlər məsələsinin həlli; həm ölkədə istehsal olunan, həm də xaricdən gətirilən zəruri texnologiyaların inkişafı; kadrların təhsili və əhalinin maarifləndirilməsidir.

Onun sözlərinə görə, Azərbaycanda enerjinin alternativ mənbələrinin inkişafı üçün lazım olan bütün şərait var və hazırda bu məqsədlə həm dövlətin, həm də Aİ-nin dəstəyi ilə aktiv işlər aparılır.

Xəbər lenti

Xəbər lenti