Azərbaycan, Bakı, 15 avqust / Trend /
İlin birinci yarısında Britaniyanın BP şirkəti və tərəfdaşları Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) (operator BP) yataqları blokundan 16,8 milyon ton (124,5 milyon barel) neft hasil ediblər. Trend-in məlumatına görə, bu barədə BP-nin rəsmi hesabatında deyilir. Hesabat şirkətin saytında dərc olunub.
Məlumatda deyildiyi kimi, ilin birinci yarısında həmin blokdan gündə orta hesabla 684 min barel neft hasil edilib.
İlin birinci yarısının sonunda ümumilikdə AÇG-də 56 hasilat quyusu və 30 injektor quyusu istismarda olub.
2011-ci ildə BP "AÇG" blokundan 35,4 milyon tona yaxın yaxud 262 milyon barel neft hasil edib.
2012-ci ilin birinci altı ayı ərzində AÇG layihəsinə 346,4 milyon dollar əməliyyat məsrəfləri və 1 209 milyon dollar əsaslı məsrəflər xərclənib. Bütün il üçün AÇG əməliyyatlarına 708 milyon dollar əməliyyat məsrəfləri və 2 milyard 516 milyon dollarəsaslı məsrəflər xərclənəcəyi gözlənilir.
AÇG-də iştirak payları: BP (operator - 35,78%), ARDNŞ (11,65%), Şevron (11,27%), İNPEKS (10,96%), Statoyl (8,56%), EksonMobil (8%), TPAO (6,75%), İTOÇU (4,3%), Hess (2,72%).