...

Bakı Ali Neft Məktəbinə 121 tələbə daxil olub

Energetika Materials 4 Sentyabr 2012 13:04 (UTC +04:00)
Qəbul imtahanlarının nəticələrinə əsasən, Bakı Ali Neft Məktəbinə 121 tələbə daxil olub.
Bakı Ali Neft Məktəbinə 121 tələbə daxil olub

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir E.İsmayılov/

Qəbul imtahanlarının nəticələrinə əsasən, Bakı Ali Neft Məktəbinə 121 tələbə daxil olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə məktəbin rektoru Elmar Qasımov məlumat verib.

Onun sözlərinə görə, birinci ixtisas qrupu üzrə 600-dən çox bal toplamış 234 abituriyentdən 115-i (45,4 faiz) Bakı Ali Neft Məktəbinə daxil olub.

Məktəbə qəbul olan tələbələrin ümumi sayından 23-ü rus bölməsində, 98-i isə Azərbaycan bölməsində təhsil alacaq. Qəbul olanlardan 31-i qızdır. Onlardan 8-i "Neft-qaz mühəndisliyi" ixtisasını, qalanları isə "Kimya mühəndisliyi" ixtisasını seçib.

Orta məktəbi medalla başa vuran 138 nəfərdən 11-i Bakı Ali Neft Məktəbinə daxil olub.

"Neft-qaz mühəndisliyi" ixtisasını seçən tələbələrin orta balı 636,2, "Kimya mühəndisliyi" ixtisası üzrə isə 626 bal olub.

Ümumilikdə, Bakı Ali Neft Məktəbinə daxil olan tələbələrin topladıqları orta bal 631,1 olub.

Məktəbə daxil olan tələbələrin ümumi sayından 78 nəfəri Bakıda, 8-i Sumqayıtda, 6-sı Naxçıvanda, digərləri isə ölkənin başqa regionlarındandır.

Qasımovun sözlərinə görə, Bakıdan kənarda yaşayan tələbələr hər cür şəraiti olan yataqxana ilə təmin ediləcəklər.

Birinci ixtisas qrupu üzrə 690 bal toplamış iki abituriyentdən biri Ali Neft Məktəbinə daxil olub.

Məktəbin rektoru tələbələrin birinci qəbulunun nəticələrindən razı qaldığını bildirib. Məktəbdə təhsil beş il müddətinə ödənişsiz əsasda aparılacaq.

Xəbər lenti

Xəbər lenti