...

Hillari Klinton: ABŞ "Cənub qaz dəhlizi" iştirakçılarına lazımi köməyi göstərmək niyyətindədir

Energetika Materials 19 Oktyabr 2012 05:42 (UTC +04:00)
ABŞ rəqabətin inkişafı və energetika bazarlarının inhisarının qarşısının alınması üçün hər şeyi etməyə davam edəcək.
Hillari Klinton: ABŞ "Cənub qaz dəhlizi" iştirakçılarına lazımi köməyi göstərmək niyyətindədir

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

ABŞ rəqabətin inkişafı və energetika bazarlarının inhisarının qarşısının alınması üçün hər şeyi etməyə davam edəcək. Trend-in məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Hillari Klinton bildirib.

"Bizim enerji siyasətimizin hədəflərindən biri rəqabətin dəstəklənməsi və energetika bazarlarında inhisarın qarşısının alınmasıdır. Baxın, Avropada nə baş verdi: on illər ərzində Avropa ölkələrinin çoxu bir ölkənin boru kəmərləri vasitəsilə təbii qazı alırdı - o da Rusiya idi. Amma indi vəziyyət dəyişib. ABŞ-da hasilatın artması səbəbindən bazarlara böyük həcmlərdə təbii qaz daxil oldu. Həmçinin Xəzər regionundan və Orta Asiyadan qaz əlçatan oldu. Bu ölkələr onu satmaq, Avropa isə almaq istəyir", - Klinton Corctaun Universitetində ABŞ-ın enerji təhlükəsizliyinin təminatı haqqında danışarkən deyib.

Onun sözlərinə görə, həqiqətən də Avropa bazarını Orta Asiya və Xəzər qazı üçün əlçatan etmək üçün, əlavə boru kəmərlərini inşa etmək lazımdır.

"Bu da məhz "Cənub qaz dəhlizi" adlandırdığımız layihənin məqsədidir. Bu dəhliz bütün Avropa boyunca uzanmalıdır. ABŞ əvvəl bu layihədə fəal tərəfdaş idi və indi də layihənin iştirakçılarına bütün lazımi köməyi göstərmək niyyətindədir", - dövlət katibi qeyd edib.

O, bildirib ki, ABŞ Avropada qaz bazarının diversifikasiyasına nail olur ki, regionu əlavə risklərdən qorusun.

"Nabukko" qaz kəməri layihəsi qazın Xəzər regionundan və Yaxın Şərqdən Aİ ölkələrinə nəqlini nəzərdə tutur. Boru kəmərinin maksimal gücü ildə 31 milyard kubmetr qaz təşkil edəcək. Layihə iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin BOTAŞ və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Azərbaycanın "Şahdəniz" qazkondensat yatağının (ehtiyatlarının həcmi 1,2 trilyon kubmetr) işlənməsi üzrə konsorsium hazırda Avropaya qaz ixracının mümkün marşrutlarını nəzərdən keçirir. O cümlədən "Cənub qaz dəhlizi" marşrutuna baxılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti