...

BP Azərbaycanda neft-qaz sahəsində ixtisaslaşan tələbələrə xüsusi mükafatlar təqdim edib

Energetika Materials 23 Noyabr 2012 18:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 noyabr /Trend/

BP şirkəti bu gün neft-qaz mühəndisliyi sahəsində ixtisaslaşan bir qrup birinci kurs tələbəsinə öz illik xüsusi mükafatlarını təqdim edib. Bu tələbələr beş yerli universitetdən - Azərbaycan Dövlət Neft Akademiyası, Qafqaz Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti və Xəzər Universitetindən seçiliblər.

Şirkətdən Trend-ə verilən məlumata görə, BP-nin xüsusi mükafatları bu gün Bakıda keçirilmiş tədbirdə həmin universitetləri təmsil edən 31 ən yaxşı tələbəyə verilib. Onların hamısı universitetə qəbul zamanı on bir ixtisas üzrə bu il ən yüksək bal toplamış tələbələrdir. Həmin ixtisaslar bunlardır: neft-qaz mühəndisliyi, geologiya mühəndisliyi, geofizika mühəndisliyi, mexanika mühəndisliyi, elektroenergetika mühəndisliyi, kimya mühəndisliyi, mühəndis sistemləri və qurğuların tikintisi mühəndisliyi, inşaat mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, neft-qaz qurğuları mühəndisliyi, korroziya və inspeksiya.

Bu gün təqdim olunan xüsusi mükafatlar həmin tələbələrə BP-nin maliyyəsi ilə 10 aylıq ingilis dilinin təlimi proqramında iştirak etmək imkanı verəcək. Bu proqramla onlar öz texniki sahəyə aid dil bilgilərini təkmilləşdirəcəklər ki, bu da onların ixtisasları sahəsində alacaqları bilgilərə dəyərli əlavə olacaq.

Azərbaycanda BP ən yaxşı tələbələrə özünün xüsusi mükafatlarının verilməsi proqramına 2007-ci ildən başlayıb. Proqramın məqsədi neft və qaz sahələrində ixtisaslaşan ən yaxşı tələbələrin təhsilinə dəstək verməkdir. Bu mükafatlar hər il təqdim olunur və şirkətin Azərbaycanda təhsilə dəstək sahəsində daha geniş öhdəliyinin bir hissəsidir.

Bu günə qədər BP öz xüsusi mükafatlarını ümumilikdə 337 ən yaxşı tələbəyə təqdim edib ki, onlardan səkkizi sonradan uğurla BP-də öz karyeralarını qurublar və hazırda da BP-nin işçiləridir, üçü isə BP və onun tərəfdaşlarının təqaüdlərini alır.

Tədbirdə çıxış edən BP-nin geoloji-kəşfiyyat və qiymətləndirmə üzrə vitse-prezidenti Qreq Rayli deyib: "Bu il BP Azərbaycanda fəaliyyətinin 20 illiyini qeyd edir. Sevinirik ki, tariximizin belə mühüm bir hadisəsini BP-nin Azərbaycanla bağlı öhdəliklərini və hələ uzun illər bu ölkənin neft və qaz sahəsində ən etibarlı tərəfdaşı olaraq qalmaq niyyətini aydınca nümayiş etdirən bir sıra əhəmiyyətli tədbirlərlə əlamətdar edə bilirik. Məmnunam ki, bu il ənənəvi xüsusi mükafat proqramımız genişlənərək Azərbaycan Dövlət Neft Akademiyasından başqa dörd digər universiteti də əhatə edib. Bununla belə, onu da məmnuniyyətlə bildirmək istərdim ki, Azərbaycanın neft sahəsində mütəxəssislər yetişdirən bu aparıcı universiteti hələ də bizim proqramımızın ən böyük iştirakçısı olaraq qalır, çünki bu gün xüsusi mükafatlarımızı alan 31 tələbədən 14-ü Neft Akademiyasının tələbəsidir. Builki proqramın daha bir üstünlüyü ondadır ki, seçdiyimiz birinci kurs tələbələri lap başlanğıcda, yəni elə təhsillərinin birinci ilində bizim xüsusi mükafatlardan bəhrələnə biləcəklər. Mən 31 tələbənin hamısını BP-nin illik xüsusi mükafatlarını almaları münasibətilə təbrik edirəm. Bu mükafatlar onların neft və qaz sahəsində ixtisaslaşması üçün gedəcəkləri uzun yolun uğurlu başlanğıcının daha bir təsdiqidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti