...

DESFA-nın səhmləri 2014-cü ildə ARDNŞ-nin nəzarətində olacaq

Energetika Materials 13 Sentyabr 2013 19:04 (UTC +04:00)
SOCAR Yunanıstanın dövlət təbii qaz sistemi operatoru olan DESFA-nın səhmlərinin 66%-nin alınmasında üstünlük verilən investor elan olunduqdan sonra şirkətin rəsmi nümayəndə heyəti tanışlıq məqsədi ilə Afinaya səfər edib.
DESFA-nın səhmləri 2014-cü ildə ARDNŞ-nin nəzarətində olacaq

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

SOCAR Yunanıstanın dövlət təbii qaz sistemi operatoru olan DESFA-nın səhmlərinin 66%-nin alınmasında üstünlük verilən investor elan olunduqdan sonra şirkətin rəsmi nümayəndə heyəti tanışlıq məqsədi ilə Afinaya səfər edib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, səfər çərçivəsində Yunanıstanın Ekologiya, Energetika və İqlim Dəyişiklikləri Nazirliyində, Əmlakın İdarə Olunması Fondunda (HRADF) və DESFA şirkətində keçirilmiş görüşlər zamanı SOCAR nümayəndələrinə bildirilib ki, alqı-satqı prosesində növbəti addım Yunanıstanın Auditor Palatası ilə klirinq məsələsinin həlli olacaq. Bununla bağlı işlərin gələn həftə başlanacağı gözlənilir. Paralel olaraq Yunanıstanın Energetika üzrə Tənzimləyici Agentliyində və Avropa Komissiyasında lazımi qeydiyyat prosesi də aparılacaq.

Ekologiya, energetika və iqlim dəyişiklikləri nazirinin müavini Papageorgiu və HRADF-nin icraçı direktoru Emirisin müşavirləri prosesin sonrakı mərhələləri barədə ətraflı məlumat veriblər. Görüşlərdə tərəflərin Yunanıstan qanunvericiliyinə və Avropa İttifaqının energetika üzrə üçüncü direktivinə uyğun öhdəlikləri barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, nəzarətin SOCAR-a ötürülməsi (təhvil-təslim) aparılana qədər DESFA-nın səhmlərinin satılan hissəsi HRADF-nin nəzarətində olacaq. Avropa Komissiyasının yekun icazə qərarının 2014-cü ilin ikinci rübündə veriləcəyi gözlənilir.

Qeyd edilib ki, o vaxtadək DESFA-ya nəzarət Satan Tərəfdə qalacaq. Satan Tərəf əmin edib ki, DESFA-nın fəaliyyəti barədə müvafiq informasiya mübadiləsi müntəzəm olaraq davam etdiriləcək. SOCAR və Satan Tərəfin nümayəndələri Alqı-Satqı Sazişindəki şərtlərə hörmətlə yanaşacaqlarını təsdiq edib və bildiriblər ki, Yunanıstan və Aİ qanunvericilyinin müvafiq müddəalarına bundan sonra da əməl olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti