...

"SOCAR Trading"in fəaliyyəti Azərbaycana 1,1 milyard dollar əlavə gəlir gətirib

Energetika Materials 8 May 2014 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend/

"SOCAR Trading" şirkətinin 2008-2013-cü illərdəki fəaliyyəti Azərbaycana 1,1 milyard ABŞ dolları məbləğində əlavə gəlir gətirib. Trend-in məlumatına görə, belə bir qənaətə "Azeri Light" Azərbaycan neftinin dünya bazarında 6 illik qiymət dinamikası ilə əlaqədar "SOCAR Trading" şirkətinin sifarişi ilə hesabat hazırlayan "Wood Mackenzie" beynəlxalq konsaltinq şirkətinin mütəxəssisləri gəliblər.

Hesabatda deyilir ki, əlavə gəlir "Azeri Light" Azərbaycan neftinin qiymətinin artması hesabına və "SOCAR Trading" şirkətinin səmərəli fəaliyyəti sayəsində əldə olunub.

Sənədə əsasən, son 6 il ərzində Azərbaycan neftinin "Brent" markalı Şimal dənizi neftinə nisbətdə qiyməti orta hesabla bir barel üçün 1,75 dollar yüksəlib. "Wood Mackenzie" şirkətinin məlumatına görə, "Azeri Light" neftinin qiymətinin "Brent" markalı neftin qiymətinə nisbətdə artım strukturunda bir barel üçün 0,6 dollar yüksəlmə xarici amillərin, bir barel üçün 1,5 dollar artım isə "SOCAR Trading" şirkətinin səmərəli fəaliyyəti ilə bağlı amillərin payına düşüb.

Konsaltinq şirkətinin mütəxəssisləri hesab edirlər: "Müvafiq olaraq, əgər bu dövr ərzində ixrac edilən 961 milyon barel neftin satış həcminə nəzər salsaq, Azərbaycana birbaşa şəkildə şirkətin fəaliyyəti ilə əlaqədar daxil olan əlavə gəlirlərin ümumi məbləği 1,1 milyard dollar təşkil edib".

Bununla yanaşı, hesabatda o da qeyd olunub ki, göstərilən dövr ərzində "SOCAR Trading" şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) boru xətti ilə nəql edilən tranzit neftin 72 milyon barelinin satışını həyata keçirib. Nəticədə BTC Co. konsorsiumu 350 milyon ABŞ dolları məbləğində əlavə gəlir əldə edib.

"Wood Mackenzie" mütəxəssislərinin fikrincə, "SOCAR Trading" şirkətinin səmərəli fəaliyyəti nəticəsində Azərbaycan nefti Asiya bazarlarında öz mövqeyini möhkəmləndirib.

"Brent" markalı neftə nisbətdə "Azeri Light" neftinin qiymətinin yüksəlməsinə müsbət təsir edən xarici amillər arasında konsaltinq şirkətinin ekspertləri hər şeydən əvvəl o faktı qeyd edirlər ki, xarici neft emalı müəssisələri keyfiyyətli xammala üstünlük veriblər, çünki bu neftin emalı zamanı orta hesabla çoxlu sayda distillə fraksiyası əldə olunur, ona görə də bu xam neftə olan tələbat artıb. Bundan əlavə, qiymət artımına təsir edən mühüm xarici faktorlar arasında Liviya böhranı da yer alır, bu böhran nəticəsində dünya üzrə yüngül neftə tələbat artıb. Bundan əlavə, "Wood Mackenzie" şirkətinin mütəxəssisləri "Azeri Light" neftinin qiymətinin artmasına təsir edən daxili amilləri xüsusilə qeyd edirlər. Bu amillərdən ən mühümü kimi, "SOCAR Trading" şirkətinin tədarük prosesini etibarlı şəkildə və birbaşa olaraq vasitəçilərsiz həyata keçirməsi qeyd edilib.

"Wood Mackenzie" şirkətinin hesabatında deyilir ki, ümumilikdə "Brent" markalı neftin qiymətinə nisbətdə "Azeri Light" neftinin qiymətinin artmasına təsir edən bir sıra faktorlarla yanaşı, həm də "SOCAR Trading" şirkətinin fəaliyyəti də vacib rol oynayıb.

Sənəddə qeyd edilir ki, qiymət artımına təsir edən daxili amillərin ("SOCAR Trading" şirkətinin səmərəli fəaliyyəti ilə bağlı olan amillər) payına ümumilikdə 1 barel üçün əldə edilən 1,75 dollar artımın 1,15 dolları (təxminən 2/3 hissəsi) düşürsə, məhsulun keyfiyyətinin artırılması faktorunun payı cəmisi 0,16 dollardır.

Hesabatda deyilir: "Müvafiq olaraq, gəlirin artmasının əsas səbəbi "SOCAR Trading" tərəfindən neftin etibarlı və birbaşa şəkildə tədarük edilməsidir, eləcə də Asiya bazarlarına tədarükün çoxaldılması siyasəti bu artıma təsir edib ki, bu da öz növbəsində "Azeri Light" neftinə olan tələbin artmasına gətirib çıxarıb".

Konsaltinq şirkəti tərəfindən hazırlanan sənəddə, həmçinin qiymət yaranmasına təsir edən əsas amillər qeyd olunmaqla, son illər ərzində "Brent" neft markasının qiymət dinamikası öz əksini tapıb. Nəzərəçarpacaq dəyişikliklər arasında 2008-ci ildən sonra dünya maliyyə böhranının təsiri ilə qiymətlərin bir barel üçün 130 dollardan 40 dollara qədər kəskin azalmasını qeyd etmək olar. Maliyyə böhranının son illərdə əsaslı şəkildə zəifləməsinə baxmayaraq, neftin qiymətləri 2008-ci ildəki yüksək göstəricini keçə bilməyib və yalnız 2012-ci ildə bir barel üçün 120 dollardan bir qədər artıq olub. Bundan sonra "Brent" markasının qiyməti bir barel üçün 100-110 dollar civarında dəyişib.

"Wood Mackenzie" şirkətinin məlumatına əsasən, qiyməti "Brent" neftinin kotirovkası ilə əlaqədar olan "Azeri Light" neftinin qiymətində də sözügedən dövr ərzində dəyişikliklər müşahidə edilib. Buna baxmayaraq, yuxarıda sadalanan xarici və daxili amillər nəzərə alınmaqla, "Brent" neft markasının qiymətinə nisbətdə "Azeri Light" neftinin qiymətində orta hesabla bir barel üçün 1,75 dollar artıma nail olunub.

Xatırladaq ki, baş qərargahı Cenevrədə yerləşən "SOCAR Trading" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən Anar Əliyev və Valeriy Qolovuşkinin həmtəsisçiliyi ilə 2008-ci ildə yaradılıb. Qeyd edək ki, A.Əliyev özünü neft sahəsində təsdiqləmiş nüfuzlu iş adamıdır, V.Qolovuşkin isə "Lukoil" şirkətinin Cenevrədə treydinq şirkətini - Lukoil Trading-i yaradıb.

Şirkət Ceyhan (Aralıq dənizi, Türkiyə) limanından ARDNŞ-nin ixrac etdiyi xam neftin əsas hissəsinin satışı ilə məşğuldur, digər ölkələrin neft və neft məhsullarının satışını həyata keçirir, eləcə də tabe olduğu şirkətin beynəlxalq sərməyə məsələlərinə yardım edir. "SOCAR Trading" şirkətinin fəaliyyət sahəsi Avropa, Asiya və Amerika ölkələrini əhatə edir. Şirkətin ABŞ, Türkiyə, BƏƏ, Misir, Sinqapur və digər ölkələrdə nümayəndəlikləri mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti