Azərbaycan, Bakı, 22 may /Trend/
Cənubi Qafqaz Boru Kəməri Şirkəti və "Şahdəniz" konsorsiumu Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi üçün daha bir müqavilə imzalayıblar. Bu müqavilə boru kəməri üçün lazım olan boruların örtüklənməsi işlərini əhatə edir.
"BP Azərbaycan" şirkətindən Trend-ə verilən məlumata görə, boruların örtüklənməsi işləri üzrə müqavilə "Bredero Shaw International BV" şirkətinə verilib. Bu müqavilənin dəyəri təxminən 70 milyon dollar təşkil edir. Bu müqavilə üzrə iş həcminə CQBKG-nin tikintisi üçün istifadə ediləcək bütün boruların örtüklənməsi daxildir.
"Bredero Shaw International" şirkəti boruların üstünü üçqat polietilen materialla, içəridən isə epoksidlə örtükləyəcək.
Müqavilənin icra müddəti 18 aydır və boruların ilk partiyasının Azərbaycana bu ilin sonunda gətiriləcəyi planlaşdırılır.
Qeyd edək ki, bundan əvvəl isə ümumilikdə 13 müqavilə elan edilmişdi və bunlar da "Şahdəniz-2" layihəsinin qrafik üzrə irəliləyişinin göstəricisidir. Əsas müqavilələrin əksəriyyəti artıq bağlandığından Bakıdakı tikinti sahələrində işlərə start verilib.