...

SOCAR: "Cənub Qaz Dəhlizi" üzrə bütün işlər qrafikə uyğun gedir (MÜSAHİBƏ)

Energetika Materials 7 İyul 2015 21:29 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin Trend-ə müsahibəsi
SOCAR: "Cənub Qaz Dəhlizi" üzrə bütün işlər qrafikə uyğun gedir (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin Trend-ə müsahibəsi

- "Cənub Qaz Dəhlizi"nə daxil olan layihələrin həyata keçirilməsi ilə bağlı işlər nə yerdədir?

- Biz layihələrin daxilində baş verən prosesləri daim izləyirik və görülmüş işlər barədə hesabatlar alırıq. Qeyd etmək istəyirik ki, layihələrin, qrafikə uyğun həyata keçirilən işlərin irəliləməsindən razıyıq. Bəzi hallarda qrafiki qabaqlama da var. Növbəti dəfə cəsarətlə deyə bilərik ki, planlaşdırıldığı kimi, "Şahdəniz" yatağının genişmiqyaslı işlənməsi çərçivəsində hasil edilən ilk qaz 2018-ci ildə Türkiyəyə çatdırılacaq, Avropa istehlakçıları isə qazı 2020-ci ildə almağa başlayacaqlar. Başqa sözlə, həm Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi, həm də Transanadolu boru kəmərinin (TANAP) inşası 2018-ci ilin iyulunda istismara veriləcək və müvafiq olaraq Transadriatik boru kəməri (TAP) 2020-ci ilin əvvəlinə hazır olacaq.

- SOCAR-a istinadən məlumat yayılır ki, TANAP yalnız 2021-ci ilə hazır olacaq. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?

- Fikrimcə, bu, sadəcə verilmiş məlumatın yanlış şərhidir. Düzdür, SOCAR-ın 2014-cü ili əhatə edən maliyyə hesabatında deyilir ki, AGSC (Azerbaijan Gas Supply Company - "Şahdəniz" konsorsiumu adından qaz satan şirkət - red.) və TANAP arasında imzalanmış qazın nəqli haqqında müqaviləyə əsasən, qaz tədarükü 2019-cu il 1 iyul və 2021-ci il 1 iyul tarixləri arasında başlayacaq. Buradan TANAP-ın 2019-cu ilə hazır olması barədə yanlış rəy vermək olmaz, belə ki, burada söhbət Avropanın qaz alıcıları üçün nəzərdə tutulmuş həcmlərdən gedir. Bu qaz satıcı, yəni AGSC tərəfindən alış-satış müqavilələrində qeyd edilmiş nöqtələrədək nəql olunacaq.

Bundan başqa, bizim türkiyəli tərəfdaşımız BOTAŞ şirkəti ilə qazın alqı-satqı müqaviləsi imzalanıb. Bu müqavilə də həmin maliyyə hesabatında xatırlanır. Müqaviləyə əsasən, Türkiyəyə qaz tədarükü 2018-ci ilin iyulunda başlayacaq və alıcı şirkətin özü qazı Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin Əskişəhər şəhəri yaxınlığındakı çıxış nöqtəsinədək məhz TANAP üzrə nəql edəcək ki, bu da müvafiq müqavilələrdə qeydə alınıb. Başqa sözlə, TANAP planlaşdırıldığı kimi, məhz 2018-ci ilin iyuluna istismara verilməlidir.

Hətta Rusiyanın "Qazprom" şirkəti "Türk axını"nı 2016-cı ilin sonuna inşa etsə belə, biz TANAP-ın tikintisini sürətləndirməyə ehtiyac görmürük. Məsələ ondadır ki, "Şahdəniz" layihəsinin ikinci fazası çərçivəsində hasil ediləcək 16 milyard kubmetrlə bağlı kontrakt artıq bağlanıb. Daha əvvəl dəfələrlə bəyan edildiyi kimi, 16 milyard kubmetrdən 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya tədarük ediləcək. Üstəlik, bütün müqavilələrin etibarlılıq müddəti 25 ildir. Başqa sözlə, "Cənub Qaz Dəhlizi" boru kəmərləri zənciri vasitəsilə tədarük edilən qaz Rusiya qazının "Türk axını" ilə vasitəsilə nəqlinin təsirinə meyilli deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti