Bakı. Ləman Zeynalova - Trend:
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycan hökumətinin Paris iqlim sazişinə uyğun olaraq tullantıların azaldılması üzrə öhdəliklərinin icrası üzrə səyləri dəstəkləməyə və ölkədə yaranmaqda olan iqlim maliyyələşdirilməsi sektoruna invesitisya qoymağa hazırdır.
Bunu Trend-ə özəl müsahibəsində QDTİB-in prezidenti Dmitri Pankin deyib.
O bildirib ki, enerji səmərəliliyi, iqlim dəyişikliklərinə dayanıqlığın möhkəmləndirilməsi və bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının təşviqi dəstək göstəriləcək sahələrdir: "Bu, QDTİB-in iqlim dəyişiklikləri ilə mübarizənin maliyyələşdirilməsi strategiyasına uyğundur".
Prezidentin sözlərinə görə, QDTİB fəaliyyətini Azərbaycana öz iqtisadi prioritetlərinə nail olmağa kömək etməsi üçün uyğunlaşdıracaq: "İqtisadiyyatın şaxələndirilməsi bu xüsusiyyətlərdən biridir və bank qazıntı yanacağı ilə əlaqəli olmayan Azərbaycan şirkətlərinə kömək etmək üçün üsullar axtaracaq. Enerji sektorunun qeyri-enerji sektoruna göstərdiyi təsiri nəzərə alsaq, bu, asan olmayacaq. Amma Azərbaycan üçün iqtisadiyyatın digər sahələrində mənfəətlilik potensialını artıra bilməsi vacibdir".
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)