Bakı. Trend:
Azərbaycan-Rumıniya qaz sazişi qarşılıqlı faydalı tərəfdaşlığı daha da gücləndirəcək.
Bunu Trend-ə Rumıniyanın “SMARTLINK COMMUNICATIONS” konsaltinq şirkətinin baş direktoru, qlobal analitik, məsləhətçi və tədqiqatçı Radu Maqdin deyib.
“Azərbaycan qazı enerji təchizatının diversifikasiyalaşdırılması, Avropa, o cümlədən, Bolqarıstan və Rumıniya üçün enerji təhlükəsizliyi və enerji müstəqilliyi baxımından mühüm mənbədir. Ukraynadakı müharibə onu göstərir ki, qeyri-sabitlik şəraitində Avropanın Rusiyadan asılılığı davam edə bilməz. Buna görə də Avropa İttifaqının (Aİ) “yaşıl enerji” sahəsində uzunmüddətli əməkdaşlığa imkan verəcək həyat qabiliyyətli alternativlər axtarması təbiidir”, - deyə o bildirib.
Maqdin qeyd edib ki, Rumıniyanın Azərbaycanla münasibətləri 2009-cu ildə imzalanmış strateji tərəfdaşlıq sazişinə əsaslanır. Bu günə qədər iqtisadiyyat, o cümlədən, ticarət və enerji sahəsində istifadə edilməmiş potensial mövcuddur: “Bu baxımdan, əsas hadisə bu yaxınlarda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı sahəsində strateji tərəfdaşlıq haqqında imzalanmış sazişdir. Enerji və nəqliyyat Rumıniya üçün gələcək ikitərəfli investisiya və sektor əməkdaşlığı sahəsində katalizator rolunu oynaya biləcək son dərəcə vacib əməkdaşlıq sahələridir. Rumıniya Azərbaycanı Cənubi Qafqaz regionunda balanslaşdırıcı qüvvə kimi qəbul edir”.
Xatırladaq ki, Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) və Rumıniyanın “Romgaz” şirkəti dekabrın 16-da Azərbaycandan Rumıniyaya qaz tədarükü haqqında saziş imzalayıb.
Saziş 2023-cü il yanvarın 1-dən təbii qazın Trans-Adriatik qaz kəməri və daha sonra Yunanıstan-Bolqarıstan qaz interkonnektoru vasitəsilə planlaşdırılmış nəqlini nəzərdə tutur.
Tvitter: @Lyaman_Zeyn