...

Azərbaycandan əlavə qaz regional enerji bazarının sabitliyini təmin edə bilər - Rumıniyanın energetika naziri (Özəl)

Energetika Materials 9 Sentyabr 2024 12:54 (UTC +04:00)
Azərbaycandan əlavə qaz regional enerji bazarının sabitliyini təmin edə bilər - Rumıniyanın energetika naziri (Özəl)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycandan əlavə qaz tədarükü regional enerji bazarının sabitliyini təmin edə bilər.

Bu barədə Trend-ə özəl müsahibəsində Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduja bildirib.

"Ötən il Rumıniya, Bolqarıstan, Macarıstan, Slovakiya və Azərbaycanın qaz sisteminin operatorları müvafiq energetika nazirləri ilə birlikdə "Həmrəylik halqasının" (STRİNG) tətbiqi ilə bağlı mühüm anlaşma memorandumu imzalayıblar.

İnanırıq ki, bu təşəbbüsün həyata keçirilməsi regionumuza çox fayda gətirəcək. Beləliklə, müştəri qiymətlərinə təsir edən infrastruktur layihələrinə kütləvi sərmayə qoyma zərurəti olmadan, Azərbaycandan əlavə təbii qaz tədarükünün cəlb edilməsi regional enerji bazarının sabitləşməsinə kömək edə bilər", – nazir bildirib.

Nazir Azərbaycanın qaz müqaviləsinin Rumıniya və bölgə üçün enerji təhlükəsizliyi və tədarük diversifikasiyası baxımından həyati əhəmiyyət daşıdığını vurğulayıb. Burduja xüsusilə Ukraynadakı inkişaf edən vəziyyət fonunda Azərbaycanın əməkdaşlığının bazar sabitliyini qorumaq üçün kritik önəm kəsb etdiyini bildirib.

Burdujn qeyd edib ki, Azərbaycan ilə Avropa arasında sıx əməkdaşlıq daha da dərinləşir, xüsusilə energetika sahəsində geniş mövzulara toxunulur.

O qeyd edib ki, Rumıniya "yaşıl enerji" dəhlizinin inkişafı məqsədilə Azərbaycan, Gürcüstan və Macarıstanla sıx əməkdaşlıq edir:

"Bu layihə Qara dənizin dibindən keçəcək kabelin yaradılmasını nəzərdə tutur ki, bu da ölkələr arasında "yaşıl enerji"nin sərbəst hərəkətini təmin edəcək. Bu, enerji bazarlarını inteqrasiya edəcək və Azərbaycanın Avropa qaz bazarındakı rolunu gücləndirəcək".

Burduja Rumıniyanın Azərbaycan ilə əməkdaşlığı daha da gücləndirmək və enerji sahəsində əməkdaşlığı dəstəkləmək məqsədini bildirib. O, hazırda mövcud olan və gələcək layihələrin enerji infrastrukturunun mənzərəsini dəyişdirdiyini və Xəzər bölgəsindən yeni enerji həcmlərinin daşınması üçün imkanlar yaratdığını qeyd edib.

SOCAR ilə əməkdaşlığın genişləndirilməsi

Rumıniya SOCAR ilə daha çox layihə üzərində əməkdaşlığı genişləndirməyi planlaşdırır. Burduja Sofiyada imzalanmış memorandumun SOCAR və digər qaz paylama sistemləri operatorları arasında əməkdaşlıq istiqamətlərini müəyyən etdiyini bildirib. Burduja SOCAR-ın Rumıniyada etibarlı tərəfdaş və investor kimi tanındığını qeyd edib.

Nazir Qara dənizdəki LNG terminalının Xəzər bölgəsindən, xüsusilə də Azərbaycandan qaz tədarük edəcək yeni bir qaz nəqliyyat dəhlizini açacağını əlavə edib. Bu dəhliz Xəzər qaz mənbələrini Avropa ölkələri ilə birləşdirən ən qısa və birbaşa yol olacaq. Nazir bu layihənin Rumıniya üçün qaz idxalı nöqtələrinin diversifikasiyasını təmin edəcəyini və Avropa üçün də müxtəlif mənbə və marşrutlar təqdim edəcəyini bildirib.

Nazir Rumıniya hökumətinin biznes dostu olduğunu və hər cür ciddi investorların qarşılandığını vurğulayıb. O, Rumıniyanın son 20 ildə Avropada ən sürətli inkişaf edən iqtisadiyyatına malik olduğunu və hazırda Mərkəzi və Şərqi Avropada Polşadan sonra ən böyük xarici sərmayə qəbul edən ölkə olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti