Bakı.Trend:
Sloveniya və Azərbaycan enerji əməkdaşlığı sahəsində qarşılıqlı anlaşma Memorandumu imzalayacaqlar.
Bunu Trend-ə Sloveniya XİN-nin Avropa və Siyasi məsələlər, Beynəlxalq Hüquq və Sloveniya Maraqlarının Qorunması üzrə dövlət katibi Marko Ştutsin Bakı səfəri zamanı özəl müsahibəsində bildirib
Ştutsin qeyd edib ki, enerji sahəsində əməkdaşlıq təkcə qaza yox, həm də “yaşıl” enerjiyə aiddir və Sloveniya və Azərbaycan arasında olan münasibətlər çərçivəsində bunun genişləndirilməsi üçün müxtəlif perspektivlər var.
"Sloveniya energetika naziri apreldə Cənub Qaz Dəhlizi üzrə toplantıda iştirak etmək üçün Bakıya səfər edəcək. Bu səfər çərçivəsində Sloveniya və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanacaq. Bu sənəd təkcə qazı deyil, digər enerji mənbələrini də əhatə edəcək.
Sloveniya Azərbaycan qazının idxalını artırmaqda maraqlıdır, çünki biz enerji mənbələrimizi şaxələndirməyə çalışırıq. Bildiyiniz kimi, Sloveniyanın Azərbaycandan qaz tədarükü yalnız keçən il başlayıb və hələlik həcmlər nisbətən kiçikdir. Buna görə də gələcəkdə tədarükün artırılması imkanlarını nəzərdən keçiririk. Sloveniya qazı müxtəlif mənbələrdən, o cümlədən Əlcəzair və Avropa bazarından alır. Azərbaycan isə Sloveniyanın enerji şirkətləri üçün perspektivli tərəfdaşdır", – deyə o vurğulayıb.
Sloveniyalı dövlət katibi “yaşıl” enerji potensialının artırılması məsələsində Azərbaycanın aktiv fəaliyyətini təqdir edib.
“Bu istiqamətdə Avropa İttifaqı da daha çox iş görə bilər ki, Azərbaycandan Avropaya "yaşıl enerji" tədarükünü təmin etsin. Məhz buna görə də Sloveniya bu prosesdə maraqlıdır. Biz də oxşar inkişaf mərhələsindəyik – əsasən günəş enerjisi sahəsində potensialımızı artırırıq”, – deyə o bildirib.